Sumqayıt Apellyasiya Məhkəməsində əzab vermədə təqsirləndirilən Pənah Yaqubovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Pənah Yaqubov 2023-cü ildə Abşeron rayonunda qeyri-rəsmi nikahda yaşadığı Mahirə Hacıyeva (adı, soyadı şərtidir) ilə qadının onun zənglərinə cavab verməməsi səbəbindən aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs zorakılıq göstərərək, masanın üzərində olan şüşə stəkanı götürüb qadının sifət və baş nahiyələrinə üç dəfə qəsdən vurub. Sonra o, gecə saatlarında həmin ünvanda yerləşən yaşayış binasının qarşısında Mahirənin onu söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı təkrar zorakılıq göstərib. Belə ki, o, qadının saçlarından tutub yerə yıxaraq, təpiklə baş nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib.
2024-cü ildə isə Pənah gecə saatlarında Mahirənin yaşadığı ünvanda qadının onun barəsində yuxarıda göstərilmiş cinayət əməllərinə görə polisə şikayət etməsi ilə əlaqədar təkrar zorakılıq göstərib. O, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş iti kənarlı əşya (ülgüclə) ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə vuraraq, qadına xəsarət yetirib.
Hadisədən sonra Pənah Yaqubov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 7 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.
Kamal Məmmədov