Gəncə Apellyasiya Məhkəməsində Bərdədə ərini öldürməkdə təqsirləndirilən Aysu Çərkəzlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: 2022-ci il iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı 1994-cü il təvəllüdlü A.Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, çoxsaylı bıçaq zərbələri ilə öldürülən 28 yaşlı şəxs “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsində çalışırmış.
Belə ki, Ağdam rayonunun Sıxravənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi 2 il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək yaşamağa başlayıb. Onun həyat yoldaşı A.Çərkəzli ilə izdivacdan 3 övladı dünyaya gəlib.
Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər.
İlkin məlumata görə, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunub. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.
Xatırlatma: Hadisə üç övladının gözləri qarşısında qeydə alınıb.
Kamal Məmmədov