Bu gün Rusiya ordusu yenidən Ukraynanın dinc şəhərlərinə genişmiqyaslı kombinə edilmiş raket və dron zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın yerli hakimiyyət orqanları yayıb.
Hücum nəticəsində bir neçə bölgədə ciddi dağıntılar və tələfat qeydə alınıb:
Paytaxtda çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektləri zədələnib. Həmçinin “Lukyanovskaya” metro stansiyası zərər görüb və müvəqqəti olaraq giriş-çıxış üçün bağlanıb. Şəhərdə bir neçə yerdə yanğınlar qeydə alınıb.
Rəsmi məlumatlara görə, 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Raketlərin biri isə Kiyevdə yerləşən Azərbaycan səfirliyinin 100 metr yaxınlığında yerləşən “Lvov kvartalı”na düşüb.
Azərbaycan səfirliyinin əməkdaşları arasında xəsarət alan olmayıb.
İvano-Frankovsk vilayəti tammiqyaslı müharibənin başlanmasından bəri ən ağır hücuma məruz qalıb. İnfrastruktur obyektləri zərər görüb, 4 nəfər yaralanıb.
Xarkov şəhərindəki sənaye müəssisəsində güclü yanğın baş verib. Həmçinin çoxmərtəbəli binalar və avtomobillər zərər çəkib.
Ukrayna rəsmiləri hücumun ballistik raketlər və "Shahed" tipli kamikadze dronlarının kombinasiyası ilə həyata keçirildiyini bildirirlər. Hücumların məqsədinin mülki əhalini qorxutmaq və kritik infrastruktura zərbə vurmaq olduğu qeyd olunur.
Bizim.Media