"Düşmənin 450 hava hədəfindən 224-ü Ukrayna HHM tərəfindən məhv edilib..."
İyulun 21-nə keçən gecə Rusiya ordusu Ukraynaya qarşı bu vaxta qədərki ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib. Təkcə bir gecədə 450-yə yaxın dron və raket Ukrayna şəhərlərinə yönəldilib.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Paytaxtın müxtəlif bölgələrində dağıntılar və yanğınlar baş verib
Əsas hədəflərdən biri paytaxt Kiyev olub. Burada "Shahed" kamikadze dronları və müxtəlif tipli raketlərlə həyata keçirilən hücum nəticəsində azı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Gecə saatlarında Kiyevin müxtəlif rayonlarında, o cümlədən Şevçenko, Dnepr, Darnitsa və Svyatoşin bölgələrində yaşayış binalarına və mülki obyektlərə zərbələr dəyib. "Lviv kvartalı" adlı yaşayış kompleksində çoxmərtəbəli binalar zədələnib, xilasetmə işləri səhərədək davam edib. Dneprovsk rayonunda ticarət obyektləri, Darniçada isə uşaq bağçası və qarajlar yanıb. Səhər açıldıqda şəhər üzərində hələ də tüstü müşahidə olunub.
Metro və ictimai nəqliyyatda ciddi pozuntular
Xüsusilə metro infrastrukturuna zərbə dəyib. "Lukyanovskaya" stansiyasının giriş hissəsi dağılıb, stansiya tamamilə bağlanıb, qatarlarsa oradan dayanmayaraq keçir. "Qırmızı xətt"in bir hissəsində hərəkət müvəqqəti dayandırılıb. Vətəndaşların təhlükəsizliyi üçün şəhərin bəzi əsas yolları bağlanıb, avtobus və trolleybus marşrutları dəyişdirilib. Şəhər rəhbəri Vitali Kliçko bildirib ki, metro stansiyalarında havalandırma gücləndirilib, dağıntılarla bağlı təmir işləri başladılıb.
Ukrayna HHM tərəfindən 224 hədəf məhv edilib
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri hücum zamanı düşmənin 224 hava hədəfini, o cümlədən 200 "Shahed" dronunu zərərsizləşdirə bilib. Müdafiəçilər hava hücumunu təyyarələr, zenit-raket kompleksləri, radioelektron mübarizə sistemləri və mobil atəş qrupları vasitəsilə dəf edib. 23 hücum dronu hədəfə dəyib, 12 lokasiyada isə vurulmuş dronların qalıqları yerə düşüb.
İvano-Frankovsk da hədəfdə olub
İvano-Frankovsk şəhəri də gecə hücumlarının intensiv hədəflərindən biri olub. Şəhər meri Ruslan Marçinkiv bunun müharibənin başlanğıcından bəri ən irimiqyaslı hücum olduğunu bildirib. Raket və dron zərbələri nəticəsində mülki infrastruktur obyektləri, bir neçə yaşayış binası, uşaq bağçaları, qarajlar və sənaye anbarları dağılıb. Azı 4 nəfər yaralanıb, onlardan biri azyaşlıdır.
"Rusiya eyni anda 2 min dronla hücum planlaşdırır"
Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə situasiya mərkəzinin rəhbəri general Kristian Fraydinq bildirib ki, Rusiya yaxın zamanda Ukraynaya qarşı eyni anda 2 min dronla hücum planlaşdırır. Bu, Ukraynanın hava müdafiə sistemləri üçün ciddi bir sınaq olacaq.
Bu hücumlar bir daha göstərir ki, mülki əhali və şəhər infrastrukturu sistemli şəkildə hədəfə alınır. Ukrayna tərəfi isə bütün imkanları ilə müdafiəni gücləndirməyə çalışır. Avqustun yaxınlaşması ilə müharibənin daha da qızışacağı istisna deyil.