AZ

Kanadada 24 milyon illik kərgədan fosilindən zülal çıxarılıb

BAKI, TurkicWorld

24 milyon illik kərgədan qalığından zülal çıxarılıb - Dinozavrların sirri də açılacaq?

TurkicWorld xəbər verir ki, Kanada Arktikasında tapılan 24 milyon illik fosilləşmiş kərgədan dişindən qədim zülalların çıxarılması elm aləmində böyük maraq doğurub.

Danimarkadakı Kopenhagen Universitetinin Globe İnstitutundan Dr. Ryan Sinclair Patersonun rəhbərlik etdiyi tədqiqat nəticəsində müəyyən edilən bu zülallar, indiyədək əldə olunan ən qədim protein ardıcıllığı kimi qiymətləndirilir və məlum olan ən qədim DNT-dən təxminən 10 dəfə qədimdir.

Paterson qeyd edib ki, “diş minası adeta seyf kimidir – zamanla zülalları qoruyur”. Bu araşdırma iyulun 9-da nüfuzlu Nature jurnalında dərc olunub.

Elm dünyasında “paleoproteomika” kimi tanınan bu sahə, fosillərdəki zülalları araşdıraraq qədim canlıların təkamülü, qidalanma vərdişləri və hətta cinsiyyətləri barədə məlumat verir. Bu dəfə əldə edilən məlumatlar qədim kərgədan növünün müasir kərgədanların əcdadlarından 41-25 milyon il əvvəl ayrıldığını göstərib.

Elə həmin gün Nature jurnalında nəşr olunan başqa bir tədqiqatda, Keniyanın Turkana hövzəsində 1,5-18 milyon il əvvələ aid məməli fosillərindən də zülallar çıxarılıb. Smithsonian İnstitutu və Harvard Universitetinin mütəxəssisləri isti və rütubətli şəraitə baxmayaraq beş fosildən zülal əldə etməyə nail olublar. Tədqiqatçı Dr. Timothy Cleland bildirib ki, “Biz 18 milyon ilə qədər gedib çıxdıq – daha da geriyə getmək mümkündür”.

Bəzi alimlər nəticələrin metodoloji baxımdan daha da sübuta ehtiyacı olduğunu qeyd edirlər. Belçikanın Gent Universitetindən Dr. Maarten Dhaenens Kanadadakı kəşfi “təsir edici” adlandırsa da, Keniya tədqiqatının daha mürəkkəb yanaşma tələb etdiyini bildirib.

Əvvəllər dinozavr yumurtalarının qabıqlarında amin turşuları aşkar edilsə də, tam protein ardıcıllığı əldə olunmayıb. Kembric Universitetindən Prof. Metyu Kollinz bu prosesin çətinliyini “kitabdan sadəcə beş hərf tapmaq” kimi izah edib. Bununla belə, Prof. Enriko Kappellini və Dr. Paterson yaxın 10 ildə bəzi dinozavr fosillərində zülalın aşkar ediləcəyini və bunun qədim həyat formaları barədə suallara cavab verə biləcəyini düşünürlər.

Qeyd edək ki, bu kəşf paleontologiyada yeni mərhələnin başlanğıcı hesab olunur. Alimlər, gələcək tədqiqatlarda bəzi fosil yataqlarının milyonlarla illik zülalları qoruyub saxlaya biləcəyini və bu tapıntıların Yer tarixində canlıların təkamülünü daha aydın anlamağa imkan verəcəyini bildirirlər.

Seçilən
55
50
turkic.world

10Mənbələr