Azərbaycan milli mətbuatının tanınmış siması olan Aydın Quliyev ömrünün 65-ci fəslində
SÖZ fikrin ifadəsi ilə yanaşı, həm də bəşəriyyətin ən qüdrətli təsir vasitəsidir. Dünyada Sözün kəraməti ilə bəzən müharibələr dayanıb, bəzən isə pis niyyətlərə adət edilərək, fitnə-fəsadlar törədilib, milyonlarla insanın canına və həyatına mane olan təlatümlər baş verib.
Mətbuat cameəsində “söz oynadan”lardan fərqli qələm əhli də var ki, onlar Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ideya istiqaməti ilə bu gün xalqımızın həyatında mühüm rol oynayırlar.
Belə Söz sahiblərindən biri ilə illər öncə elə mətbuat aləmində tanış oldum. Ötən əsrin 90-cı illəri idi. “Yeni Azərbaycan” qəzetinin məsul katibi idim. Baş redaktor Xeyrəddin Qoca bir gün redaksiyaya qonaq kimi gələn Aydın Quliyevi əməkdaşlara təqdim etdi. Öyrəndik ki, qonağımız Naxçıvanda müxtəlif vəzifələrdə çalışmış Aydın Quliyevdir. O, Bakıya dəvətlə gəlib.
Qonağımızın bizimlə ilk görüşündən ondakı ali insani keyfiyyətlər hər birimizin diqqətini cəlb etdi. Beləliklə, o, sanki illərlə bizimlə bir redaksiyada çalışmış həmkarımız təsiri bağışladı: qaynayıb-qarışdıq.
Aydın Bakıya gələnədək mətbuatda siyasi-publisistik yazıları ilə çıxış edirmiş. Biz onu Naxçıvanda müxtəlif vəzifələrdə çalışmış gənc kadr kimi tanıyanda məlum oldu ki, o, həm də siyasi analitikdir. Beynəlxalq aləmdə cərəyan edən hadisələrə öz prizmasından yanaşan, onları analitik təhlil edən siyasi şərhçi kimi tanınan Aydın Quliyev bir müddət redaksiyamızın əziz qonağı oldu.
Bir gün mənə çapa hazırladığı ilk kitabının yazılarını verib, korrektəsinə baxmağımı istədi. Kitab Ulu Öndər Heydər Əliyevin sovetlər dönəmindən bugünümüzədək (1990-cı illərədək) Azərbaycanın dövlət müstəqilliyinin bərpası üğrunda apardığı mübarizəyə həsr edilmişdi.
Bəlkə də, ilk dəfə idi mən Ümummilli Liderimiz Heydər Əliyevin siyasi portretini yaradan bir müəlliflə üz-üzə idim. Heydər Əliyev dühasını olduğu kimi obrazlaşdıran - siyasi portretini yaradan Aydın Quliyevə olan münasibətimiz sözün əsl mənasında qardaşlıq-dostluq müstəvisinə keçdi.
İllərə nə var ki, ömür axar su kimidir...
Bəli, gözünü yumub-açınca baxırsan ki, qara saça dən düşüb, ürəyə də bəm. Aydın müəllimin tərcümeyi-halı ilə tanış olduqdan sonra bir daha yəqinləşdirdim ki, o heç də sıradan bir tarixçi, yaxud siyasətçi deyil. Qarşımdakının ilk növbədə siyasi-publisist olduğunu anladım.
Gəlin, media kapitanlarından biri olan Aydın Quliyevin ömürnaməsinə yenidən birlikdə nəzər salaq: 18 iyul 1960-cı il tarixində Naxçıvanın Cəhri kəndində dünyaya gəlib. 1983-cü ildə indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini “Fərqlənmə” diplomu ilə bitirib. Uzun müddət tikintidə fəhlə işləyib. Yəni həyat yolu hamar, rahat olmayıb. Sonra Naxçıvan Dövlət Plan Komitəsinin bir idarəsində elmi redaktor, Naxçıvan Dövlət Universitetində laborant və müəllim işləyib. Naxçıvan MR-in Ali Məclis sədrinin siyasi məsələlər üzrə müşaviri, şöbə müdiri, Naxçıvan Elmi-Texniki İnformasiya və Təbliğat Mərkəzində, Naxçıvan Dövlət Pedaqoji Universitetində müxtəlif vəzifələrdə çalışıb.
Aydın Quliyev 1990-cı ildən başlayaraq, “Ağrıdağ”, “Ordubadın səsi”, “Ülfət”, "İki sahil", “Rezonans”, “525-ci qəzet” kimi Azərbaycan və Naxçıvan miqyaslı mətbuat orqanlarında siyasi-publisistik və analitik məzmunlu məqalələrlə çıxış edib. 2001-ci ildən 2003-cü ilədək “Hürriyyət” qəzetinə rəhbərlik edib, 2003-cü ildən isə “Bakı-Xəbər” qəzetinin təsisçisi və Baş redaktorudur.
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olan Aydın Quliyevin sinəsini “Tərəqqi” medalı bəzəyir…
Aydın Quliyev bütöv Azərbaycan, Turan sevdalı qələm adamıdır. Rəhbəri olduğu “Bakı-Xəbər” qəzetində onunla çiyin-çiyinə çalışanlar da məsləkdaşlarıdır. Əməkdaşlarının hər biri haqqında saatlarla danışmaq, yazmaq olar, faktlar tükənməz.
Bu açıq fikirli aydınlarımızla hər görüşüm bir ziyarət olub. Mən Kəlbəcər həsrətli, Qarabağ yanğılı biri, onlar isə bütöv Azərbaycan sevdalı. Burada özümü tapır və yazdıqlarımı qəzet səhifələrində oxuyanda dərd-qəmimi unudurdum. Qələm dostum, bir ulu ozan beşiyində - sazbənd, ustad aşıq Murad Kövrəyin ailəsində dünyaya göz açan, peşəkar jurnalist, eyni zamanda kamil qələmli publisist və şairimiz olan İradə xanım Sarıyevanın hər yazısını səbirsizliklə gözləyir və həvəslə oxuyurdum. Beləliklə, mən də sanki dönüb olmuşdum redaktorun xüsusi müxbiri, yaxud da qəzetin ştatdankənar əməkdaşı.
Aydın Quliyev Azərbaycanda müstəqil medianın formalaşmasında əməyi çox olan həmkarlarımızdandır. Qurucusu və rəhbəri olduğu “Bakı-Xəbər” qəzeti Azərbaycanın media cameəsində öz dəst-xətti ilə fərqlənir, çünki klassik “Əkinçi”lik ənənələrini yaşadanlardandır. Mən bu sıraya bir neçə mətbuat orqanı (“525-ci qəzet”, “Şərq”, “İki sahil”, “Bütöv Azərbaycan” və s.) kimi geniş oxucu auditoriyası olan qəzetlərin adını daxil edərdim. Bu sırada olan “Bakı-Xəbər” eyni zamanda bir jurnalistika məktəbi funksiyasını da layiqincə daşıyır.
Mən Aydın müəllimin bir yaradıcı şəxsiyyət olaraq xarakter portretini yaratmaq məqsədilə yazmıram bunları. Onun buna ehtiyacı da yoxdur. Lakin onu deməmək günah olardı ki, o, gündəlik hadisə və proseslərə özünəməxsus yanaşma tərzinə malikdir.
Aydın müəllim ömrünün elə zirvəsindədir ki, oradan baxanda nəinki doğulduğu Naxçıvan, o taylı-bu taylı Azərbaycan və TURAN görünür.
Hər kəsə nəsib olan zirvə deyil bu! Bu, həm İNSANlıq, həm SÖZün ZİRVƏsidir! Qardaşımız, həmkarımız Ağrıdağ kimi ağrılı, Savalan kimi başqaları, Şahdağ kimi əyilməz, Murov və Dəlidağ əzəmətlidir. Elə bu dağlarla qoşa dayanıb! Çünki yola saldığı illərdə enişlər-yoxuşlar, bir az ərkli, bir az da sərt baxışlar da görüb, amma əqidəsi, amalı onun haqqın tərəfində olduğunu qulağına pıçıldayıb.
65 yaş ömrün elə fəslidir ki...
Bu zirvəyə çatanda insan övladı özünə hesabat verir. Aydın müəllim də ömrünün 65-ci fəslinin zirvəsindədir! Mübarək olsun! Amma o, bu gün yox, elə ictimai fəaliyyətə başlayandan özünə hər gün hesabat verir. Bu da onun xidmətlərində özünü göstərir.
Bu barədə verilən suala cavab verərkən deyib ki: “Bir insan ömrünün bütün əlamətlərini yaşamışam. Enişim də olub, yoxuşum da, rahatlıq da keçirmişəm, narahatlıq da, lakin bütün hallarda çalışmışam ki, ömrümü məntiqlə yaşayım. Doğru-düzgün olub-olmamağından asılı olmayaraq, yaşam məntiqim həmişə olub, bu gün də var. Ancaq doğrusu, yaşadığım illərdən çox, mən yaşayacağım illər haqqında düşünmüşəm. Doğrudur, yaşanmış illərə “arxada qaldı” demək düzgün olmazdı, çünki yaşayacağımız illərdəki hər şeyin fundamenti məhz bu illərdə qoyulub. Yaşadığımız illər ömrümüzün sonuna qədər bizimlə gedəcək. 40-50 yaş normalda kiminsə ömrünün tam hissəsi, kiminsə ömrünün yarısı, kiminsə ömrünün böyük bir hissəsi, kiminsə ömrünün sonluğunun ərəfəsidir. Həyatda başqa hər hansı bir şeyin sayımından söhbət gedəndə 40, ya 50 rəqəmi xüsusi bir məna kəsb etməyə bilər, ancaq insan ömrünün ifadəsinə yönələndə, 40 da, 50 də hikmətli rəqəmlərdir. İnsan ömrünün elə bir pilləsi var ki, o pilləyə qədər insan ancaq seçilmiş nəsnələrdən zövq ala bilir, maddi, mənəvi olmağından asılı olmayaraq, hər şeyin idealını axtarır və arzulayır. Elə ki 50-ni keçdi, yaxşı, ya pis olmağından asılı olmayaraq, insan hər şeyi yaşamağa və qəbul etməyə hazır olur…”
Qardaşımızın mətbuatla bağlı fikirləri də maraqlıdır, çünki orijinaldır: “...Mətbuatımızda çox şey dəyişib: dinamika var. Dünən əvvəlkindən, bu gün dünənkindən seçiləcək qədər yaxşıdır. Sabah daha yaxşı olacaq. Bir vaxtlar media ilə bağlı rəsmi ünvanlara yönəltdiyimiz tənqidi məsələlər bu gün, demək olar ki, həll edilib. Mediamız daha çox dövlətçi olmağa başlayıb. Mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə mediamızda inkişaf fenomenləri daha çoxsaylı və sürətli olmağa başlayıb. Neqativlər, sözsüz ki, yenə var, lakin mediamızın özünün içində bu neqativləri əritməyə və yox etməyə qadir mexanizmlər də formalaşıb...”
Maraqlıdır, Aydın müəllim daha çox jurnalistdir, yoxsa siyasətçi? Çünki son dövrlər Aydın Quliyev TV-lərə dəvət olunan siyasi analitiklər arasında çıxışları ilə xüsusilə seçilir.
Bu suala cavabına da baxaq: “... Mənə həm jurnalist, həm də siyasətçi demək olar. Bu peşələrin hər ikisi mənim üçün doğmadır, qabiliyyətlərimə uyğun gəlir. Hər iki sahə təsadüfi adamları sevmir. Hər iki sahədə məşğuliyyət insandan başqa bir sıra sahələrdə önəmli olmayan keyfiyyətləri tələb edir. Ancaq unutmayaq ki, jurnalistə siyasətçinin tribunası gərək olmaya bilər, lakin siyasətçi üçün jurnalistin tribunası vacibdən vacibdir. Fikrimcə, bu peşələr bir-birinə nəinki mane olmur, hətta bir-birini tamamlayır. Siyasi düşüncəsi zəif şəxsin yaxşı jurnalist olması da, yazı-pozusu olmayan şəxsin sanballı siyasətçi ola bilməsi də eyni dərəcədə mümkünsüzdür. Bu gün belə keyfiyyətlərə malik jurnalist sabah siyasətçi, siyasətçi isə jurnalist kimi tam uğurlu fəaliyyət göstərə bilər…”
Nə gözəl cavab: gözlənilən və umulan! Buradan da görünür ki, Aydın Quliyev bütöv şəxsiyyətdir. O, yarımçıqlığı sevməyib. Kamillik, peşəkarlıq yolunda yorulmayıb. Buna görə də kamillik zirvəsini fəth edib.
Mətbuatın kapitanı, mərdisən,
Sınıq könüllərin dərdi-sərisən!
Atalarımız, babalarımız ucalığı, əlçatmazlığı fəth edənlərə qəhrəman kimi baxıblar. Qəhrəmanlıq isə heç də həmişə əlisilahlı döyüş meydanlarında üzə çıxmır. Əmək meydanlarındakı qəhrəmanlıq da zirvələr fəth edənlər qədər gərəklidir. Sözün qüdrətinə güvənənlər bu zirvəyə layiqdirlər, Aydın Quliyev kimi.
Milli-mənəvi dəyərləri bəşəriləşdirmək də Söz adamlarının qüdrəti deməkdir.
Aydın müəllimin 65 illik yubileyini digər qələm dostları ilə birlikdə mən də səmimi-qəlbdən təbrik edir, cansağlığı diləyir, sözümü poetik dillə onun ucaldığı Zirvəyə qanad açan qartal qanadında göndərirəm...
Aydın müəllim, Sizi Kəlbəcərdən bax beləcə salamlayır və deyirəm:
Qurban olum dostu sayıb, duyana,
Aydın müəllim, altmış beşin mübarək!
Bu səs-səda qoy yayılsın hər yana,
Çox olmusuz dost-tanışa siz gərək,
Aydın müəllim, altmış beşin mübarək!
Məhəmməd Nərimanoğlu,
“Tərəqqi” medallı tədqiqatçı-jurnalist,
“Yenilik-press” qəzetinin baş redaktoru