AZ

Dünyanın yaradıcı insanlarının bir qrupu “Azərbaycan” Nəşriyyatına toplaşdı - 150 illik işığın əhatəsi... - FOTO


Həsən bəy Zərdabinin “Əkinçi”sindən rişələnən milli mətbuatımız düz 150 ildir ki, yol gəlir. Bu uzun yolun hər qarışı şərəflidir, müqəddəsdir. Bizlər o qutsallığın içindən sıyrılaraq günümüzdə var olmuşuq.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi respublikamızın hər yerində coşğu ilə keçirilir, bu irsi bu xalqa töhfə verən “əkinçi” babalarımızın ruhları hörmətlə, minnətdarlıqla yad edilir.

Mətbuatımızın 150 illik yubileyinə “Azərbaycan Nəşriyyatı” MMC də öz töhfəsini verib.

Azərbaycan Nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu keçirilir.“Söz. Çap. Forma - birləşən dünyalar” şüarı altında keçirilən simpoziumun əsas məqsədi Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna diqqət çəkmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə əks etdirməkdir. Belə ki, tədbir çərçivəsində kağız tullantılarından, çap sənayesinə aid köhnəlmiş və sıradan çıxmış avadanlıqlardan, ehtiyat hissələrindən və digər texniki materiallardan sənət əsərləri ərsəyə gəlir.

Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltəraş iştirak edir. Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən sənət ustaları yer alır. Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.

Simpozium çərçivəsində bir sıra görüş və tədbirlər keçirilir. O cümlədən, iyulun 18-də saat 18:30-da tanınmış azərbaycanlı fotoqraf Sənan Ələsgərovla görüş baş tutub.

İyulun 19-da saat 17:00-da misirli rəssam Məhəmməd Abouelnaqa ilə görüş təşkil olunacaq. İyulun 20-də isə məşhur mərakeşli rəssam Hassan Burkia ustad dərsi keçirəcək (11:00 – 17:00).

Simpozium“Azərbaycan” nəşriyyatında iyulun 22-dək davam edəcək.

“MətbuArt” beynəlxalq incəsənət simpoziumunda yaşanan duyğulu, mənalı anları, unikal əsərləri görmək üçün onun keçirildiyi yerdə olduq.

Həyəcanla, bir az da tələsik pilləkənləri qalxırıq, qalxdıqca hiss edirik ki, bizi qarşıda fərqli bir dünya gözləyir, fərqli qitələrdən, fərqli ölkələrdən gələn sənət adamları ilə görüşəcəyik. Zala daxil oluruq, təsəvvür etdiyimizdən də qat-qat maraqlı, rəngarəng mənzərini görür. Palitradan boylanan rənglərin səsini eşidirik, o səs bizə təlqin ki, edir bura təkcə sənət dünyasının kiçik bir parçası deyil, həm də bir dostluq mücəssəməsidir.

Rəssamlar, heykəltəraşlar işləyir, fərqli incəsənət növləri ilə məşğul olan insanların başı öz işlərinə qarışıb. Bəziləri başını qaldırıb bizimlə həmsöhbət olur, bəziləri isə sanki zala kimlərinsə daxil olduğundan xəbərsizdir. Öz işlərinə o qədər aludə olublar ki, ondan başqa heç nə görmürlər.

Katalin Verebiç: “Mən Azərbaycanı, gözəl Bakını çox sevirəm”

İlk yaxınlaşdığımız Macarıstanı təmsil edən Katalin Verebiç oldu. K.Verebiç Bakının gözəlliyinə heyran olduğunu dilə gətirir. Deyir ki, sanki sehrli bir aləmə düşüb. “İlk dəfə Bakıya on il əvvəl gəlmişəm və ötən illər ərzində Bakı inanılmaz dərəcədə dəyişib. Mən Azərbaycanı, gözəl Bakını çox sevirəm. On il əvvəl gələndə də köhnə şəhərlə yeni şəhərin bir arada olduğunu gördüm. Bu mənə çox müsbət təsir etdi. Çünki mən əsərlərimdə də köhnə və yeni dəyərləri birləşdirməyə çalışıram”.

Macarıstanlı rəssam onu da deyir ki, belə bir simpozimun keçirilməsi çox yaxşı haldır və burda bir-birini tanımayan fərqli sənət adamları tanış olur, bir-birinin işinə çox isti yanaşırlar”.

“Mətbuat, informasiya çənbəri”

Sonra diqqətimizi qəzetdən hazırlanan maraqlı bir iş cəlb etdi. Azərbaycanı təmsil edən Tural Möyüfov deyir ki, nə qədər qəzetdən istifadə etdiyini xatırlamır, amma hər “rulonda” təqribən 60-70 qəzet işlənilib: “Bu təqdim olunan indiki prosesdir. Sonra görüntüsü dəyişəcək, yana aşılacaq və ona yan tərəfdən də baxılacaq. Fikirləşirəm ki, bu həm də asılımış vəziyyətdə olsun. “Mətbuat, informasiya çənbəri”dir. Burda səhərdən axşama qədər informasiya axını ilə üzləşdiyimizi, qəzetdən, saytlardan, televiziyalardan informasiyalar aldığımızı göstərmək istəyirəm. Və eyni zamanda bir də görürük ki, özümüz də o informasiyanın içindəyik. Mən eyni zamanda Azərbaycan mətbuatının əhəmiyyətini, cəmiyyətdə oynadığı rolu, keçdiyi şərəfli yolu, ənələrini təqdim etməyə çalışmışam. Yumru formuladan istifadə etməkdə də məqsədim odur ki, informasiyanın daim hərəkətdə olmasını göstərim. Bu işi sırf simpozium üçün hazırlamışam”.

Praphatsorn Phooprasert: “Şəhərinizi çox bəyəndim”

Tailandı təmsil edən Praphatsorn Phooprasert ilə ünsiyyət qururuq, tərcüməçimiz Nuray Səfərovadərhal bizim sullarımızı ingilis dilində rəssam xanıma çatdırır. Bakıdan aldığı muncuqlar və digər aksesuarlardan istifadə edərək işlərini təqdim edir və muncuqları, digər nümunələri kağız lövhə üzərinə düzməklə əsər yaradacaq. “Bakıda ilk dəfədir oluram, şəhərinizi çox bəyəndim. Bu şəhər haqda əvvəl elə də geniş məlumatım yox idi, amma çox şadam ki, belə bir gözəl şəhərdə oluram.

Rəşid Əlşəşai: “İlk dəfə Bakıya 14 il əvvəl “Qala” festivalında iştirak etmək üçün gəlmişəm”

Rəşid Əlşəşai isə Səudiyyə Ərəbistanından gəlib və təqdim etdiyi işlər çox maraqlıdır, o, qəzet çapında istifadə olunan mətbəə aksesuarları yaradıb. Özünəməxsus fərqli yanaşma tərzi sərgiləyən rəssam deyir ki, çap işinin nə qədər əhəmiyyətli olduğunu göstərmək istəyib: “Sənət əsərinin təsviri, kağızın nəfəsi - bu enstalyasiya işində köhnə çap mətbəələrinin ayrılmaz bir parçası olmuş hava borularını yeni bir baxışla təqdim edirəm. Vaxtilə çap avadanlıqlarının davamlılığını təmin etmək üçün istifadə olunan bu metal borular bu gün “susqun şahidlər kimi keçmişin yaddaşını təcəssüm etdirir. Əsərdə borular üzərində çap görüntüləri yerləşdirilib. Bəzi kağızlar mürəkkəb izlərini daşıyır, bəziləri isə kənarlarından köhnəlmişdir, bütövlükdə keçmişin vizual panoramasını yaradır. Bu görüntülərin arxasından yayılan yumşaq işıq kağız qatlarını və onların incə teksturasını ön plana çıxarır, sanki keçmiş hələ də nəfəs alırmış təsiri yaradır. Eynilə bir zamanlar həmin boruda etdiyim kimi... Əsər sadəcə boruların keçmiş funksiyasını xatırlatmır, onları işıq, yaddaş və məna daşıyan bədii obyektlərə çevirir. İlk dəfə Bakıya 14 il əvvəl “Qala” festivalında iştirak etmək üçün gəlmişəm”.

Rəşid Əlşəşai deyir ki, 14 illik fasilədən sonra Bakını daha gözəl, daha da dəyişmiş görüb, “Bakı tamamilə dəyişib”.

Bir neçə azərbaycanlı rəssamla da tanış olduğunu deyən rəssam bildirdi ki, onlarla dostluq əlaqələri var.

“Şəhərinizi gəzməyə fürsətim olmayıb”

Norveçli rəssam Miree Abrahamsen rəssamlıqla 20 ildən çoxdur ki, məşğul olur: “Mən rəsmlərlə plastiki birləşdirib əsərlər yaradıram. İnanıram ki, mənim əsərlərin sizin xoşunuza gələcək. Hələ şəhərinizi gəzməyə fürsətim olmayıb, burdayam, işləyirəm”

Hassan Burkia: “Burda fərqli ölkələrdən fərqli rəssamların olması çox maraqlıdır”

Mərakeşli rəssamı işləyən görürük, fırçasını maraqlı bir əsər üzərində gəzdirir, insan simasının təsviri verilən əsərlə maraqlanırıq.Hassan Burkia bir üzü kişi, bir üzü qadın olan təsvir yaradıb. “Bu simpoziumu çox müsbət qiymətləndirirəm. Burda fərqli ölkələrdən fərqli rəssamların olması çox maraqlıdır. Burda hər kəs öz yaradıcılıq bacarığını, dünyaya baxışını ifadə edir”.

Cüzeppe Strano Spitu: “Plastik tullantılardan yenidən geri qayıdışı ifadə edirəm”

Cüzeppe Strano Spitu İtaliyanı təmsil edir, plastik su qablarından olduqca maraqlı əsərlər yaradıb, hətta işlərindən biri Novruz tonqalını xatırladır, tərcüməçimiz dedi ki, burda elə Novruz tonqalı təsvir edilib. Ətrafa müxtəlif ölçülü plastik butulkalar, qablar səpələnib, rəssam öz işini görür :“Plastik tullantılardan yenidən geri qayıdışı ifadə edirəm. Bu simpoziumda dörd fərqli işim təqdim edilir.

Azərbaycan mədəniyyəti çox zəngindir, mətbəxiniz də onun kimi. Bakı çox gözəldir. Heydər Əliyev Mərkəzinin unikallığına heyran oldum. Bubina mənim üçün həm ona görə maraqlıdır ki,onun memarıZaha Hadiddir. Şəhərinizin özəlliyindən biri də odur ki, Bakı çox təmiz şəhərdir”

Arlindo Arez: “Bakının havası Portuqaliyanın havasına çox bənzəyir”

Simpoziuma Portuqalyadan qatılan Arlindo Arez çox maraqlı və ünsiyyətcil bir insan təsiri bağışlayır, əsərləri haqqında ürək dolusu danışır, onların ifadə etdiyi mənanı izah edir. Bundan başqa deyir ki, Bakını çox sevib : “Bakının havası Portuqaliyanın havasına çox bənzəyir. Baxmayaraq ki, Portuqaliya Atlantik okeanın, Bakı isə Xəzər dənizinin sahilində yerləşir, amma iqlim cəhətdən bir-birinə çox bənzəyirlər. Burda özümü öz evimdə, öz şəhərimdəki kimi hiss edirəm”.

Misirli rəssam Məhəmməd Abouelnaqa Bakını çox sevdiyini, Cənubi Koreyanı təmsil edən Kim Qa-eulin isə əsərlərinin bizim tamaşaçıların xoşuna gələcəyini dedi.

Yerli rəssamlarla yanaşı ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən fırça ustaları doğrudan da sehrli bir aləmə qonaq etdilər bizi.

Azərbaycan mətbuatının 150 illiyinə həsr olunanbu sərgidə sözün əsl mənasında böyük ideya və məna, yeni çağrışlar, dostluq var. “Azərbaycan” nəşriyyatının rəhbəri Leyla Güləliyevanın diqqəti və həssaslığı bu arada gözmüzdən qaçmır, təbii xoş ünsiyyəti də günümüzü maraqlı etdi.

Rəssamlarla sağollaşıb, onlara yaradıcılıq uğurları arzusu ilə ayrılırıq...

İradə SARIYEVA

Seçilən
61
50
baki-xeber.com

10Mənbələr