“Atalanta” 33 yaşlı italyan qapıçı Marko Sportyellonu “Milan”dan tamhüquqlu əsasda Berqamo klubunun heyətinə qatıb.
Arena.az bu barədə “Atalanta”nın rəsmi saytına istinadən məlumat verir.
Tərəflər 3 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Berqamo klubuna 1 milyon avro məbləğ müqabilində başa gəlib.
Marko Sportyello “Atalanta”nın məzunudur. Qapıçı, karyerası ərzində “Serenyo”, “Poccibonsi”, “Karpi”, “Fiorentina” (icarə), “Frozinone” (icarə) və “Milan”da oynayıb.
Geridə qamış 2024/2025-ci illər mövsümündə Sportyello “rossoneri” üçün 3 oyun keçirib, 2 qol buraxıb, 2 oyunda isə qapısının toxunulmazlığını təmin edib.
Marko Sportyello İtaliyanın U-21 komandasına çağırış alsa da, debüt imkanı qazanmayıb – qapıçının milli yığma komanda macərası elə, bu məqamdan ibarətdir.
Marko Sportyellonun qənimətlər muzeyində “Milan”la qazandığı 2024/2025-ci illər mövsümünün İtaliya Super Kuboku var.
“Transfermarkt” internet-portalı 33 yaşlı italyan qapıçının transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.