"Odessa və Pavloqradda cəhənnəm gecəsi: yanan evlər, dağılan zavodlar, ləngiyən qatarlar..."
İyulun 19-na keçən gecə Rusiya Ukraynanın cənub və mərkəzi vilayətlərinə qarşı növbəti dəfə genişmiqyaslı hava hücumları həyata keçirib. Hücumun əsas hədəfləri arasında Odessa və Pavloqrad şəhərləri olub.
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri məlumat yayıb.
Odessada "Shahed"lər gecəni kabusa çevirib
Odessaya edilən hücum nəticəsində çoxmənzilli binalar zədələnib, bir nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb. Şəhərə 20-dən çox "Shahed" tipli kamikadze dron hücum edib. Dronlar müxtəlif istiqamətlərdən yaxınlaşaraq, şəhərdə partlayışlara və yanğınlara səbəb olub. Nəticədə çoxmərtəbəli yaşayış binalarından biri alova bürünüb, xilasedicilər insanların həyatını xilas etmək üçün alovun içində çalışıb.
Sosial şəbəkələrdə yanğınların görüntüləri yayılıb, şəhərin bir neçə yerində kəskin yanıq qoxusu hiss olunub. Odessanın meri Gennadi Truxanov və vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper insanları sığınacaqlarda qalmağa çağırıb. Onlar qeyd edib ki, bu qədər genişmiqyaslı hücum uzun müddətdir şəhərə edilməyib. Müdafiə sistemləri bir çox dronu vurmağa müvəffəq olsa da, mülki infrastrukturun zədələnməsinin qarşısını almaq mümkün olmayıb.
Pavloqrada ən ağır hücum: "Partlayış ardınca partlayış"
Dnepropetrovsk vilayətinin Pavloqrad şəhəri isə bəlkə də indiyədək gördüyü ən ağır hücuma məruz qalıb. Gecə və səhər saatlarında raket və dronlarla ardıcıl zərbələr endirilib. Vilayət administrasiyasının rəhbəri Sergey Lısak bu hücumu "cəhənnəm gecəsi" adlandırıb. Şəhərdəki yanğınsöndürmə xidməti, sənaye müəssisələri və beşmərtəbəli yaşayış binası ciddi şəkildə dağılıb. Eyni zamanda Nikopol bölgəsinə FPV-dronlar və artilleriya ilə zərbələr endirilib. Hücum nəticəsində Marqaneç icmasında bir nəfər - 57 yaşlı kişi yaralanıb.
Dronlar dalğası Rusiya ərazisində də təsirsiz qalmayıb
Ukrayna da həmin gecə cavab zərbələri endirib. Moskva meri Sergey Sobyanin bildirib ki, Rusiya hava hücumundan müdafiə sistemləri paytaxt yaxınlığında 13 Ukrayna dronunu məhv edib. Müdafiə Nazirliyi isə ümumilikdə ölkə ərazisində 71 dronun vurulduğunu açıqlayıb. Bu rəqəmlərə Moskva vilayətində vurulan 16 dron da daxildir. Əvvəlki günün axşamı isə Rusiyanın HHM sistemi 87 dron zərərsizləşdirib. Dron hücumları Rostov vilayətində də ciddi nəticələr doğurub. Burada dəmir yolu infrastrukturuna ziyan dəydiyi üçün 50-dən çox uzaq məsafəli sərnişin qatarının hərəkəti dayandırılıb, bir sıra şəhərətrafı elektrik qatarları isə ləğv edilib.
Polşa hərbi təyyarələrini havaya qaldırıb
Rusiyanın bu intensiv hücumları regionda təhlükəsizlik böhranını daha da dərinləşdirib. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı təhlükəsizlik protokollarını işə salaraq hava məkanını qorumaq üçün döyüş təyyarələrini havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini yüksək hazırlıq vəziyyətinə gətirib.
Yeni hücum dalğası gözlənilir?
Hərbi ekspert Aleksandr Kovalenko xəbərdarlıq edir ki, Rusiya yaxın günlərdə daha böyük miqyasda hücumlar edə bilər. Onun sözlərinə görə, Rusiya ordusunun ehtiyatında 500-dən çox "Shahed" tipli dron toplanıb. Bu isə həm paytaxta, həm də digər böyük şəhərlərə qarşı növbəti kütləvi zərbələrin ola biləcəyini göstərir. Ukraynada isə gecələr daha səssiz olmur - səma daim vıyıltı səsi ilə silkələnir, binalar titrəyir, insanlar sığınacaqlarda gecələməyə məcbur qalır. Amma ən qorxuncu - bu gecələrin sabaha çıxmayan insanlar üçün sonuncu olmasıdır.