AZ

Yataqda başlayan mübahisə ölümlə bitdi - Gənc qadın hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Raidə Mahmudovanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
 
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, Raidə Mahmudova həyat yoldaşını öldürməkdə ittiham olunur.
 
Prosesdə hadisənin başvermə mexanizmi və ekspert rəyindəki ziddiyyətlər araşdırılıb.
 
Xətai Rayon Məhkəmə Tibbi Ekspertiza şöbəsinin məhkəmə-tibbi eksperti Orxan Əliyev prosesdə şahid qismində ifadə verib.Hakimlər və tərəflər ekspertə suallar ünvanlayaraq hadisənin başvermə mexanizmi və zərərçəkmişin xəsarətinin xarakteri dəqiqləşdiriliblər.
 
Hakimin "Baş nahiyəsindəki xəsarət yıxılma nəticəsində, yoxsa hər hansı əşyanın zərbəsi ilə əmələ gələ bilərdimi?" sualına cavab olaraq, ekspert bildirib:
 
“Mümkün deyil ki, bu cür xəsarətlər adi mobil telefonla yetirilsin. Belə bir zərər üçün daha ağır əşya istifadə olunmalıdır. Telefonla vurulduqda maksimum cihazın əyilməsi mümkündür, lakin kəllə sümüyünün sınığı baş verə bilməz. Dodaq nahiyəsindəki qansızmaya gəlincə, bu, mümkündür.”
 
Dövlət ittihamçısının “Eyni nahiyəyə ardıcıl 10 dəfə zərbə yetirilsə, bu, ölümə səbəb ola bilərmi?” sualına isə ekspert “Bu tibbi baxımdan mümkün deyil” cavabını verib.
 
Müdafiə tərəfinin “Hadisə necə baş verib?” sualına cavab olaraq, təqsirləndirilən şəxs Raidə Mahmudovanın verdiyi ilkin ifadə xatırladılıb:
 
“Mən onu telefonla vuraraq itələdim. Radiator tərəfə yıxıldı. Sonra otaqdan çıxıb getdim, sonrakı anları görmədim”.
 
Ekspert qeyd edib ki, təqsirləndirilən şəxsin təsvir etdiyi mexanizm əsasında yaranan xəsarətlər mövcud xəsarətlərlə uyğun gəlmir. Hadisə zamanı zərərçəkmişin yuxulu və ya ayıq vəziyyətdə olması isə ekspert tərəfindən dəqiq müəyyən olunmayıb.
 
Həmçinin məhkəmədə məlum olub ki, hadisə yerinə baxış zamanı radiator üzərində qan izlərinə rast gəlinməyib.
 
Şahid Orxan Əliyev deyib:
 
“Hadisə baş verən gün mən hadisə yerində olmuşam. Meyiti hadisə yerində müayinə etmişəm. İlkin məlumatlara əsasən münaqişənin ayaqüstə baş verdiyi ehtimal olunurdu. Lakin sonradan aydınlaşıb ki, mübahisə yataqda baş verib”.
 
Məhkəmə qərarına əsasən, iş üzrə istintaqı aparmış müstəntiqin növbəti iclasa çağırılması qərara alınıb. Həmin iclasda ekspert də yenidən iştirak edəcək.
 
Növbəti məhkəmə prosesi iyulun 25-nə təyin olunub.
 
Qeyd edək ki, 24 oktyabr 2024-cü il tarixində, saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə həyat yoldaşı Hacı Mahmudovla aralarında yaranmış mübahisə zamanı ona küt alətlə baş nahiyəsinə zərbələr endirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb. Eaifə Mahmudova istintaqa cəlb olunub.
phrase_var_article.chosen
17
31
moderator.az

10phrase_var_article.sources