Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Deputatın köməkçisi Əfsun Əlizadə, şəhid valideynləri və ictimaiyyətin digər nümayəndələri iştirak etdilər. Ziyarətçilər Şəhidimizin valideyni Solmaz ana ilə görüşərək, qəhrəman şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək baş sağlığı diləklərini çatdırdılar və belə vətənpərvər övlad yetişdirdiyinə görə Anaya minnətdarlıqlarını bildirdilər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Şaiq Tahir oğlu Kəlbiyev 18 iyul 1971-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1978–1989-cu illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almış, daha sonra təhsilini peşə liseyində davam etdirmişdir. Sovet ittifaqı silahlı qüvvələr sıralarında hərbi xidməti başa vurduqdan sonra ata yurduna qayıtmışdır. Müharibə dövründə yenidən ordu sıralarına könüllü olaraq qayıtmaq üçün aidiyyatı üzrə müraciət etmiş və 1993-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 12 iyun 1993-cü ildə Aşağı Cürəli kənd qəbirstanlığında dəfn olunmuşdur. Ölümündən sonra, 24 iyun 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən döyüşdə göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Tahir oğlu Kəlbiyevin adını daşıyır.
Allah Şəhidlərimizə rəhmət eləsin!