AZ

Azərbaycan-Suriya münasibətlərinin normallaşması İran mediasında böyük vəlvələ yaratdı...


Suriyanın keçid prezidenti Əhməd əl-Şaraanın ötən həftəsonu Bakıya səfəri regional ittifaqlarda kəskin dəyişikliklərin siqnalı kimi qiymətləndirilərək İran mediasında narahatlıq, şübhə və strateji qiymətləndirmələrə yol açıb.

Əhməd əl-Şaraanın prezident İlham Əliyevlə görüşündən sonra verilən rəsmi bəyanatlarda Suriya-Azərbaycan münasibətlərində yeni eranın başlandığı vurğulanıb. Hər iki lider ölkələr arasındakı münasibətlərdə keçmiş durğunluğu etiraf edərək bunda devrilmiş prezident Bəşər Əsədin dost olmayan siyasətini birbaşa günahlandırıb. Prezidentlər əməkdaşlığı bərpa etmək və dərinləşdirmək barədə razılıq əldə ediblər. Xüsusilə, səfər çərçivəsində Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya ixracı ilə bağlı razılaşma əldə olunub və rəsmilər bu müqaviləni Suriyanın xroniki enerji böhranına lazımi həll kimi qiymətləndirirlər.

Digər bir maraqlı məqam isə İsrail və Suriya rəsmilərinin Bakıda görüşməsi ilə bağlı yayılan xəbərdir. İsrail mediası da daxil olmaqla müxtəlif media mənbələri iddia edib ki, səfər zamanı Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər. Əl-Şaraanın həmin görüşdə iştirak edib-etmədiyi məlum deyil, lakin belə bir görüşün baş tutması Tehranda narahatlığı daha da artırıb. İran rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Pakistanın daxili işlər naziri Seyyid Möhsün Nəqəvi ilə görüşündə qeyd edib: “Sizin Azərbaycan Respublikası ilə yaxın münasibətləriniz var, ancaq ehtiyatlı olmalısınız, Azərbaycan islam dünyasının xeyrinə olmayan hərəkətlər edir. Azərbaycan Əhməd əş-Şaraa və sionist rejimin nümayəndələrinin görüşünü təşkil edir, İsrailin fələstinlilərə qarşı cinayətləri ilə eyni vaxtda İsrailə neft göndərir”. Vilayəti buna görə Pakistanı Azərbaycan Respublikasından hesabat istəməyə dəvət edib: “Siz onlardan müsəlmanların və islam dünyasının mənafeyinə zidd olan hərəkətləri niyə etdikləri barədə soruşmalısız”. Qeyd edək ki, uzun illər İran XİN rəhbəri olan Əli Əkbər Vilayəti Azərbaycana qarşı xüsusi mövqeyi ilə seçilib və İranda “qatı antitürk şəxs” hesab edilir. 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal olunmasında və Ermənistanın iqtisadi-siyasi baxımdan ayaqda qalmasında xüsusi rol oynayan Vilayəti 2020-ci ildən sonra Qarabağın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etsə də, Zəngəzur dəhlizinin açılmasına qarşı ən kəskin çıxış edənlərdəndir. Əbu Məhəmməd əl-Colani adı ilə tanınan keçmiş üsyançı əl-Şaraa isə 2024-cü ilin dekabrında özünün “Heyət Təhrir əl-Şam” fraksiyasına ildırımlı hücumda rəhbərlik edib və nəticədə İran və Rusiyanın dəstəklədiyi hökuməti devirib.

İran mediasında ortaq narahatlıq mövzusu militant fəaliyyətin Suriyanın döyüş meydanından Qafqaza –birbaşa İranın qapısına doğru istiqamət dəyişməsidir. İranda islahat tərəfdarı “Arman-e Melli” qəzeti Dəməşq ilə Bakı arasındakı yeni yaranan münasibətlərin bir aspektinin Türkiyə vasitəsilə Suriyada yerləşən döyüşçülərin Azərbaycandakı bazalara köçürülməsi olacağını iddia edib. Qəzet bu potensial inkişafı prezident əl-Şaraa üçün bir “missiya” kimi xarakterizə edib. Qəzet ehtimal edir ki, onların bölgədə olması İran və Rusiya sərhədləri boyunca ərazilərdə qeyri-sabitlik yaratmaq və Çin, Rusiya və İranın genişlənmiş oxunu hədəf alan əməliyyatlar həyata keçirmək üçündür. Mühafizəkar “Fərhixtəqan” qəzeti də oxşar fikirdədir və iddia edir ki, ABŞ-nin Suriyadan xarici döyüşçülərin çıxarılması tələbinə cavab olaraq Əhməd əl-Şaraa döyüşçülərini yenidən yerləşdirməyi planlaşdırır. Qəzet yazır ki, belə bir plan çərçivəsində Azərbaycan strateji bir mərkəz kimi önə çıxa bilər: ya Qafqaza və Rusiyaya daha da sızmaq üçün bir hazırlıq meydanı, ya da Qarabağ kimi ərazilərdə yerləşdirmə üçün bir mərkəz rolunu oynayacaq.

İsrailin “i24NEWS” televiziyası adı açıqlanmayan suriyalı mənbəyə istinadən iddia edib ki, İsrail və ABŞ “İrana mesaj vermək” üçün İsrail və Suriya rəsmiləri arasında görüşə Bakının ev sahibliyi etməsinə qərar veriblər. Bu xəbərə istinad edən İranın dövlət yayım qurumu “Cam-e Cəm” qəzeti iddia edib ki, Bakının illər ərzində İran əleyhinə əməliyyatlarda iddia olunan iştirakı və iyunda müharibə zamanı İsraillə əməkdaşlığına dair şübhələr nəzərə alınarsa, bunun qonşu ölkələrin bəzilərinin İsrail ilə birgə İrana qarşı işləməsinin aydın sübutu kimi qəbul edilə bilər. “Cam-e Cəm” xüsusi olaraq Azərbaycan və onun müttəfiqləri olan Türkiyə və İsraili “İranın maraqlarına zidd olan yeni dinamikanın formalaşmasında iştirak edən ölkələr” adlandırıb. Qəzet qeyd edib ki, son nəticədə İran həm diplomatik, həm də təhlükəsizlik baxımından öz milli maraqlarını qorumalı, o cümlədən Ermənistan və Rusiya kimi qonşularla əlaqələri gücləndirməli və “Bakının təxribatları”na qarşı qəti mövqe nümayiş etdirməlidir. Tehran Azərbaycanın İsraillə getdikcə daha sıx əlaqələr qurmasını artan narahatlıqla izləyir. Son illərdə Azərbaycan və İsrail arasında tərəfdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. Bu, müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi və Bakının 2023-cü ildə Təl-Əvivdə səfirlik açmaq qərarı ilə xüsusilə nəzərə çarpır. Amma xatırladaq ki, rəsmi Bakı heç vaxt Azərbaycan ərazisinin İrana qarşı istifadəsinə icazə verməyəcəyini bildirib.

Nahid SALAYEV

Seçilən
52
50
baki-xeber.com

10Mənbələr