“Ümumiyyətlə, İsrail artıq başa düşür ki, öz hakimiyyətinin davamlılığını müharibələr hesabına təmin etmək yolu nəticəsizdir. İsrail hakimiyyəti bir sıra ciddi səhvlər etdiyini anlayır. Bu gün İsrail beynəlxalq ictimaiyyətdən, sivil dünyadan təcrid olunur. Ona qarşı təzyiqlər artır, daxili siyasi elitada narazılıqlar güclənir. Qabiliyyətsiz nazirlər istefa verir və ya dəyişdirilir, Baş nazir Benyamin Netanyahunun komandasında kadr dəyişiklikləri müşahidə olunur. Daxili siyasi mühitdə gərginlik artmaqdadır. Ərəb dünyası isə İsrailə qarşı getdikcə daha çox birləşir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Qeyd edək ki, iyulun 17-də gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə hava hücumları həyata keçirib. Bu hadisə bölgədə yeni gərginliyin siqnalı kimi qiymətləndirilir. Xüsusilə Suriyanın bölünməsi və burada kürd dövləti yaradılması cəhdləri ilə bağlı suallar yaranır. Belə bir şəraitdə Azərbaycanın mövqeyi və proseslərə necə reaksiya verəcəyi diqqətlə izlənir.
Siyasi şərhçinin sözlərinə görə, belə bir şəraitdə müharibə dayandırılarsa, Netanyahunun istefası, hətta həbs olunması ilə bağlı tələblər güclənə bilər.
“Ona görə də Netanyahunun hakimiyyətdə qalmaq üçün müharibə siyasətinə üstünlük verdiyi ehtimal olunur. Suriyaya qarşı atılan addım da məhz bu siyasətin təzahürüdür. Digər tərəfdən, İsrailin Suriyada müharibəyə başlaması Türkiyəyə də bir növ gözdağı xarakteri daşıya bilər. Çünki Suriyada hakimiyyətin dəyişməsi və Bəşər Əsədin yerinə Əhməd Əşşarın gəlməsi, bölgədə Türkiyənin maraqlarına uyğun bir vəziyyət yaradıb. Əgər əvvəlki hakimiyyət – Bəşər Əsəd rejimi – Türkiyənin maraqlarına zidd idisə və terrorçulara sığınacaq verərək onlardan Türkiyəyə qarşı istifadə edirdisə, indiki hakimiyyət – Əhməd Əşşarın rəhbərliyi – demək olar ki, tam şəkildə Türkiyənin maraqlarına uyğun davranır. Bu isə İsraili və onun bəzi müttəfiqlərini narahat edir. Ona görə də İsrail Suriyada daxili xaos yaratmağa, iqtidarı zəiflətməyə, xalqla hakimiyyətin arasını açmağa çalışır. Paralel olaraq, bu siyasət həm də Türkiyəyə xəbərdarlıq xarakteri daşıya bilər. Mümkündür ki, bu proseslərdə ABŞ-ın da rolu olsun. Çünki ABŞ da Türkiyənin Suriyada və ümumilikdə regionda artan nüfuzundan narahatdır və İsraildən bir alət kimi istifadə etmək niyyətində ola bilər. Ancaq Suriyada yeni bir kürd dövləti yaradılacağına yaxın gələcəkdə inanmıram. Türkiyə buna icazə verməz. Bakı isə hələlik neytral və səssiz davranacaq, ən azı bu mərhələdə proseslərə reaksiyasız qalacaq”.
Siyasi şərhçi əlavə edib ki, qarşıdurma genişlənər və Tel-Əvivlə Ankara birbaşa üz-üzə gələrsə, şübhəsiz ki, Bakı Ankaranın tərəfində yer alacaq:
“Belə bir vəziyyətdə seçim etməmək mümkün olmayacaq. Azərbaycan-Türkiyə arasında strateji müttəfiqlik və “Bir millət, iki dövlət” prinsipi var. Bu çərçivədə Azərbaycan daim Türkiyəni dəstəkləməlidir – necə ki, Türkiyə də Azərbaycana eyni şəkildə dəstək verir. İsrail də bunu başa düşür və düşünürəm ki, Azərbaycanı çətin seçim qarşısında qoymaq istəməz”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az