AZ

Ukrayna Prezidenti Yuliya Sviridenkoya hökumətə başçılıq etməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Yuliya Sviridenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə və onun fəaliyyətini əhəmiyyətli dərəcədə yeniləməyə dəvət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında yazıb.

Dövlət başçısının sözlərinə görə, Sviridenko bu yaxınlarda Ukraynanın bərpası üzrə konfrans çərçivəsində götürülmüş öhdəliklərin yerinə yetirilməsi barədə məlumat verib. Zelenski vurğulayıb ki, dövlətin və cəmiyyətin dayanıqlığının gücləndirilməsinə töhfə verən bütün təşəbbüslər ən qısa zamanda həyata keçirilməlidir.

O qeyd edib: “Biz Ukraynanın iqtisadi potensialını gücləndirə, vətəndaşlara dəstək proqramlarını genişləndirə və silah istehsalını artıra biləcək konkret tədbirləri müzakirə etdik”.

Dövlət başçısı, həmçinin icra hakimiyyətinin transformasiyasına başlandığını bəyan edib. O, bu kontekstdə Yuliya Sviridenkonu Ukrayna hökumətinə rəhbərlik etməyə və onun fəaliyyətini əhəmiyyətli dərəcədə yeniləməyə dəvət edib.

Zelenski bildirib ki, o, yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda fəaliyyət proqramı təqdim edəcəyini gözləyir.

Xatırladaq ki, bundan əvvəl internetdə Baş nazir Denis Şmıqalın istefa verəcəyi və artıq onu əvəz edəcək şəxsin axtarılması barədə məlumat yayılmışdı. O cümlədən bir sıra deputatlar bildiriblər ki, Prezident bu vəzifəyə hazırkı Baş nazirin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun təyin edilməsi barədə qərar qəbul edib. Lakin onun özü bu yaxınlarda bəyan edib ki, Baş nazir postunu tutmaq üçün heç bir təklif almayıb.

Seçilən
12
2
azerbaijan-news.az

10Mənbələr