
Avropa İttifaqı (Aİ) ildə 116 milyard avro dəyərində ABŞ mallarına tariflər tətbiq etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Aİ iki tarif paketi hazırlayıb. Birinci tarif paketi 21 milyard, ikinci tarif paketi isə 95 milyard avro həcmində qiymətləndirilir. Birinci tarif paketinə əsasən kənd təsərrüfatı məhsulları və motosikletlər, ikinci tarif paketinə isə əsasən “Boeing” təyyarələri və avtomobillər daxildir.
Hər iki paket ABŞ-nin bütün Avropa ixracatına tariflər tətbiq etmək hədəsini yerinə yetirəcəyi təqdirdə istifadə olunacaq.
Bu tariflərin əvvəlcə iyulun 9-da tətbiq edilməsi nəzərdə tutulurdu və Avropa Komissiyası ABŞ-nin razılığa gəlməsi üçün son tarix kimi iyulun 9-unu təyin edib.
Bununla belə, iyulun 7-də Ağ Ev tarifləri avqustun 1-ə qədər təxirə salacağını, Brüssel və Vaşinqtonun mümkün razılaşma barədə razılığa gəlmək üçün daha üç həftə vaxtı olduğunu açıqlayıb.
“Bloomberg” iddia edir ki, Aİ və ABŞ avqustun 1-dək razılığa gəlməsələr, ABŞ-nin Avropa məhsullarına tətbiq etdiyi tariflər 50%-ə çata bilər.