"Kremlin sözçüsü kimi çıxış edən Dmitri Medvedev Mark Rütteni "sehrli göbələklərlə" ittiham edib, onu "Sibir düşərgəsi" ilə qorxudub və Qərbə açıq mesaj verib..."
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, sabiq prezident və baş nazir Dmitri Medvedev yenidən sərt ritorikası ilə beynəlxalq medianın diqqətini üzərinə çəkib.
Moderator.az xəbər verir ki, bu barədə "dialog.ua" nəşri yazıb.
Nəşr yazır ki, bu dəfə onun hədəfi NATO-nun baş katibi Mark Rütte olub. Niderlandın sabiq baş naziri olan Rütte hələ təyin olunduğu ilk həftələrdə Kreml rəsmisindən açıq təhdid alıb. Medvedev iyulun 5-də "X" sosial şəbəkəsində ingilis dilində etdiyi paylaşımında Rütteni "halüsinogen göbələklər yeməkdə" ittiham edib və onu rus dilini öyrənməyə çağırıb. Səbəb isə Rüttenin "The New York Times" nəşrinə verdiyi müsahibədə səsləndirdiyi ehtimallardır.
Rüttedən narahatlıq siqnalı: Çin, Rusiya və Tayvan
Mark Rütte sözügedən müsahibəsində Çinin Tayvana mümkün hücumu fonunda Rusiyadan istifadə edərək NATO-nu yayındıra biləcəyini irəli sürüb. Onun sözlərinə görə, Pekin belə bir plan həyata keçirmək istəsə, öncədən Moskva ilə razılaşacaq və Rusiyanı Avropada hərbi təzyiqləri artırmağa təşviq edəcək. Bu ssenari NATO ərazilərinə birbaşa təhdid kimi qiymətləndirilir. Rütte NATO üzvü olan ölkələri müdafiə xərclərini artırmağa çağıraraq belə deyib:"Əgər bu baş verməsə, rus dilini öyrənməli olacağıq".
Təhqir, təhdid və mesaj
Rüttenin sözlərinə birmənalı şəkildə aqressiv cavab verən Medvedev, yazısında belə deyib: "Görünür, baş katib Rütte Niderlandda məşhur olan sehrli göbələklərdən çox yeyib. O, Çin və Rusiyanın Tayvanla bağlı sazişini görür və ardınca Rusiyanın Avropaya hücum edəcəyini təsəvvür edir. Amma bir məsələdə haqlıdır: rus dilini öyrənməlidir. Sibir düşərgəsində bu ona lazım olacaq". Medvedevin bu fikri sosial şəbəkədəki ingilisdilli hesabından paylaşması təsadüfi deyil. Bu, mesajın birbaşa Qərbə - Vaşinqton və Brüsselə ünvanlandığını göstərir.
Moskvanın ritorikası sərtləşir, amma hədlər də var
Dmitri Medvedev son aylarda getdikcə daha sərt və bəzən də absurd səviyyədə açıq təhdidlər səsləndirən Kreml simasına çevrilib. Təkcə iyun ayında o, nüvə silahından istifadə ehtimalı ilə bağlı danışaraq beynəlxalq aləmdə ciddi narahatlıq yaradıb. ABŞ prezidenti Donald Tramp bu açıqlamalara sərt reaksiya verərək, belə hədələrin yolverilməz olduğunu bildirib.
Ardınca Medvedev tələsik şəkildə öz sözlərinin "səhv başa düşüldüyünü" iddia edib və məsələni yumşaltmağa çalışıb. Bu hal Kremlin sərt ritorikası üçün də müəyyən qırmızı xətlərin mövcud olduğunu göstərir. Xüsusilə ABŞ tərəfindən dərhal reaksiya gəldikdə, Medvedev və digər "səsləndirilmiş qəzəb" nümayəndələri geri çəkilmək məcburiyyətində qalır.
Qərbin reaksiyası: Rütte susur, amma mesajı alır
Mark Rütte hələlik Medvedevin hədəsinə rəsmi cavab verməyib. Amma ekspertlərə görə, bu susqunluq zəiflik deyil, əksinə Medvedevin təhdidlərini ciddiyə almadığının göstəricisidir. Medvedevin siyasi nüfuzunun kəskin şəkildə azaldığı, rəsmi və rəmzi vəzifələrdən başqa real qərarvermə mexanizmlərində yer almadığı qeyd olunur. O, əslində daha çox Kreml ritorikasının "sosial şəbəkə ruporu" funksiyasını yerinə yetirir.
Söz müharibəsi davam edir
Dmitri Medvedevin təhqiramiz və açıq təhdidlərlə dolu çıxışları bir müddətdir Kreml diplomatiyasının "qara təbliğat" üslubunun tərkib hissəsinə çevrilib. Bu, Qərbi qorxutmaq, çaşdırmaq və daxili birliyi pozmaq məqsədi daşıyır. Amma Medvedevin "Sibir düşərgəsi" ilə hədəsi artıq yalnız istehza ilə qarşılanır.
Görünən odur ki, onun sözləri NATO səviyyəsində real təhlükə kimi deyil, daha çox kənarda qalan bir siyasi fiqurun "söz atmacaları" kimi qəbul edilir. Qərb isə bu cür ritorikaya qarşı daha çox səbr və strateji soyuqqanlılıq nümayiş etdirir. Amma bu, hələlik belədir. Çünki Rusiyanın sözdən əmələ keçə biləcək istənilən addımı artıq NATO üçün qırmızı xəttdir.