AZ

"Stalinizmə dönüş: Rusiya kommunistləri tarixi yenidən yazmağa çalışır" - Rusiya KİV-ləri

"RFKP-nin son qurultayında Xruşşovun məşhur "şəxsiyyətə pərəstiş" çıxışı rədd edilib..."
 
Rusiya Federaaiyası Kommunist Partiyası (RFKP) iyulun 5-də keçirilən növbəti qurultayında sovet tarixinin dönüş nöqtələrindən biri olan Xruşşovun "şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" adlı məruzəsini "siyasi baxımdan qərəzli və tarixi baxımdan yanlış" adlandıraraq rəsmi şəkildə rədd edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "focus.ua" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, 1956-cı ildə keçirilən XX qurultayda səsləndirilmiş bu çıxış, Stalinin repressiyalarla dolu irsinin pislənməsi və kommunist sistemin qismən liberallaşmasının əsas simvollarından biri olub.
 
Tarixə yenidən baxış və "tarixi ədalətin bərpası" çağırışı
 
RFKP-nin qəbul etdiyi qətnamədə vurğulanır ki, Xruşşovun məruzəsində "səthi və saxtalaşdırılmış faktlar", "Stalinə qarşı böhtanlar" yer alıb və bu, sovet liderinin dövlət və partiya fəaliyyəti haqqında gerçək mənzərəni təhrif edib. Partiyanın rəhbər şəxsləri bununla "İosif Stalinə qarşı tarixi ədalətsizliyin aradan qaldırılmasını" hədəflədiklərini bəyan edib. Partiyanın Mərkəzi Komitəsinin sədr müavini Dmitri Novikov bildirib ki, RFKP" ölkə və dünya tarixində müstəsna rol oynamış bu şəxsiyyətin nüfuzunun bərpası üçün" mübarizəni davam etdirəcək.
 
Putinə çağırış - Stalinqrad adı geri qaytarılsın 
 
Qurultay iştirakçıları Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Volqoqrad şəhərinə və eyniadlı vilayətə yenidən "Stalinqrad" və "Stalinqrad vilayəti" adlarının verilməsini tələb edib. Bu təklif 1942-1943-cü illərdə faşizmə qarşı müharibənin ən qanlı döyüşlərindən birinin keçirildiyi ərazidə Stalin irsinin rəmzi olaraq yenidən dirçəldilməsi səylərinin tərkib hissəsidir.
 
Leninə qarşı filmə hücum və Züqanovun növbəti seçkisi
 
RFKP qurultayında qəbul edilən digər qərarlar sırasında Rus Pravoslav Kilsəsinin "Spas" telekanalında yayımlanan və Lenin məqbərəsini satirik tərzdə təsvir edən "Mumiya" filminin kəskin tənqidi də var. Kommunistlər bu filmi "siyasi təxribat" və "kinoiyrənclik" adlandıraraq, telekanalın "xarici agent" elan edilməsini tələb edib. Eyni zamanda, partiya 81 yaşlı veteran lider Gennadi Züqanovu yenidən baş katib seçib və bu, onun uzun illərdir dəyişməz lider olaraq qalmasının daha bir təsdiqi olub.
 
Stalinə abidələr, büstlər və barelyeflər geri qaytarılır
 
Son aylar Rusiyanın müxtəlif bölgələrində Stalinin heykəllərinin və təsvirlərinin bərpası prosesi də diqqət çəkir. 2024-cü ilin sonunda Voloqda şəhərində yeni Stalinə yeni heykəl ucaldılıb. 2025-ci ilin iyulunda isə Voloqda vilayətində sakinlərin təşəbbüsü ilə daha bir heykəl parkda qurulub. Bu addım yerli hakimiyyət tərəfindən "xalqın tarixi yaddaşına hörmət" kimi təqdim edilib. Eyni zamanda, bu ilin mayında Moskva metrosunun "Taqanskaya" stansiyasında 1966-cı ildə götürülmüş, İkinci Dünya müharibəsində qələbəyə həsr olunmuş barelyefin - Stalinin təsvir olunduğu orijinal kompozisiyanın dəqiq surəti yenidən bərpa olunub.
 
Xruşşovun gizli məruzəsi nədən bəhs edib? 
 
1956-cı il fevralın 25-də Sov.İKP-nin XX qurultayında Nikita Xruşşov gizli məruzə ilə çıxış edərək Stalin dövründəki repressiyaları, şəxsiyyətə pərəstişin formalaşdırılmasını və partiyadaxili demokratik prinsiplərin pozulmasını kəskin tənqid edib. Bu çıxış sovet ideologiyasında "Xruşşovun yumşalma siyasəti" dövrünün başlanğıcı hesab olunur. Lakin məruzənin mətni yalnız 1989-cu ildə tam şəkildə ictimaiyyətə açıqlanıb.
 
Rusiya Federasiyası Kommunist Partiyası bu gün Stalin irsinə yenidən baxaraq onu "tarixi ədalətin bərpası" adı altında canlandırmağa çalışır. Volqoqrada yenidən Stalinqrad adının qaytarılması, Lenin haqqında filmlərə qarşı sərt reaksiyalar, Stalin abidələrinin bərpası və Xruşşovun çıxışına radikal etirazlar ölkədə tarixi rəmzlər üzərindən yeni ideoloji mübarizənin başlandığını göstərir. Bu, təkcə keçmişə dönüş deyil, eyni zamanda gələcək siyasi kursun yönünü də göstərən təhlükəli bir rəmzdir.
Seçilən
17
50
moderator.az

10Mənbələr