La Liqanın prezidenti Xavyer Tebas hazırda ABŞ-da keçirilən klublararası dünya çempionatı ilə bağlı kəskin fikirlər səsləndirib.
QOL.az xəbər verir ki, o, bununla bağlı "X" (əvvəlki "Twitter") sosial şəbəkəsindəki hesabında yazıb.
"Klublararası dünya çempionatı tam bir fəlakətdir: futbolçular və liqalar bu turnirin əleyhinədir. Təqvim pozulub və peşəkar futbol ekosisteminə ciddi zərbə vurularaq yüz minlərlə futbol işçisi zərər görüb.
Televiziya gəlirləri və sponsorluq məsələləri barədə artıq kifayət qədər danışılıb. Üstəlik, stadionlar dolu görünsün deyə biletlərin qiyməti kəskin şəkildə endirilir. Futbolçular və hüquqi şəxslər isə vergi problemləri ilə üzləşirlər. Daha pisini düşünmək belə çətindir. Bütün bunlara baxmayaraq, hələ də bu turniri futbolun gələcəyi və uğuru kimi təqdim edənlər var".
Qeyd edək ki, klublararası dünya çempionatının yarımfinal mərhələsində "Real" PSJ ilə, "Çelsi" isə "Fluminense" ilə qarşılaşacaq.