NATO-nun baş katibi Mark Rutte “Nyu York Tayms” qəzetinə verdiyi müsahibədə Çinin Tayvan adasına hücum edəcəyi halında Rusiyanın NATO ərazisinə müdaxilə edə biləcəyi ehtimalını səsləndirib. NATO baş katibi hətta bunun necə baş verəcəyini izah edib: “Çin lideri Si Szinpin rusiyalı həmkarı Vladimir Putinə zəng edəcək və ondan xahiş edəcək ki, Çinin Tayvana hücumu sırasında Rusiya NATO ərazisinə hücum etsin”. Mark Ruttenin fikrincə, bu Çinə beynəlxalq aləmin diqqətini Tayvana hücumdan yayındırmaq üçün lazım olacaq. NATO baş katibi səsləndirdiyi ehtimalın qarşısını almaq üçün Şimali Atlantika Blokunun Hind-Sakit okean bölgəsində fəallığının artırılması zərurətini bildirib. Mark Rutte Rusiyanın hücum edə biləcəyi NATO ölkəsinin adını da çəkib. Bu, onun fikrincə, Estoniya olacaq.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“NATO baş katibinin səsləndirdiyi ehtimalın reallaşması mümkündürmü? Çin lideri Si Szinpin Tayvanın ölkəsinə məxsus olduğunu və bu adanın Çinə birləşdirilməsinin zəruri olduğunu dəfələrlə vurğulayıb. Yəni bu hadisə nə zamansa baş verəcək, sadəcə Pekin məsələni həll etmək üçün münasib zaman seçməlidir. Qərbdə həmin “zamanın” nə zaman gələcəyi üzərində düşünürlər.
Çin xarici işlər naziri Van Yi bugünlərdə Brüsseldə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Yəni Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu bir o qədər Çinin maraqlarına xidmət edəcək. Bu sözlərdən çıxan digər nəticə odur ki, Çin Tayvanı ələ keçirmək istəyərkən, ABŞ və Avropanın mümkün diqqətinin öz üzərindən yayındırılmasına çalışacaq. Bu məsələnin həllində Pekinin köməyinə Kreml çata bilər. Bu baxımdan NATO baş katibinin ehtimalı bu amilə əsaslanır.
Rusiya Prezidenti Vladimir Putin müsahibələrində ölkəsinin heç bir NATO ölkəsinə hücum etməyəcəyini bir neçə dəfə bildirib. Ancaq Kreml sahibinə inanmaq olarmı? Putin 2000-ci illərin başında deyirdi ki, Rusiyanın Krımı Ukraynadan qoparmaq fikri yoxdur, 2014-cü ildə bunun tərsi baş verdi. Mark Rüttenin açıqlamasına cavab ənənəvi üzrə Putinin dostu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevdən gəlib. Həmişəki kimi aqressiv açıqlama verən Medveydev NATO baş katibini bu sözlərlə hədələyib: “Mark Rütte rus dilini öyrənsin. Bu ona Sibir düşərgəsində lazım olacaq”. Bu sözləri tələffüz edən şəxs və onun dostu Çinin gələcək xahişini yerə salmaz”, - politoloq bildirib.