AZ

Çiro İmmobile “Beşiktaş”a lazım olmadı

Türkiyənin “Beşiktaş” klubu futbol üzrə İtaliya milli komandasının da üzvü olan hücumçusu Çiro İmmobile ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

İstanbul nəhəngi təcrübəli oyunçu ilə müqaviləsinə xitam verib. İtaliyalı futbolçuya buna görə 2,6 milyon avro təzminat ödəniləcəyi vurğulanıb.

Mətbuatın yazdığına görə, Çiro İmmobile bundan sonrakı karyerasını vətənində davam etdirəcək. Onun “Cenoa” ilə razılıq əldə etdiyi vurğulanır.

Xatırladaq ki, “Beşiktaş” İmmobileni 2024-cü ilin yayında “Latsio”dan transfer etmişdi. 35 yaşlı forvardla 2 illik müqavilə imzalanmışdı. İtaliyalı futbolçu Türkiyə klubunda ilinə 6 milyon avro qazanırdı. O, “qara qartallar”ın heyətində 41 oyuna çıxıb, 19 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Çiro İmmobile “Yuventus”un yetirməsi olsa da, Turin təmsilçisində çox oyun şansı qazanmayıb. Təcrübəli forvard karyerası ərzində “Syena”, “Qrosseto”, “Peskara”, “Cenoa”, “Torino”, “Borussiya” (Dortmund), “Sevilya”və “Latsio”da da forma geyinib.

İmmobile 2014-cü ilin mart ayında debüt etdiyi İtaliya yığmasında 57 oyun keçirib, 17 qol vurub, 8 assist edib.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Beşiktaş” digər futbolçusu Demir Ege Tıknaz ilə sözləşməsinin müddətini uzadıb. 20 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Demir Ege Tıknaz “Beşiktaş”ın yetirməsidir. Türkiyə millsinin üzvü ötən mövsüm icarə əsasında “Rio Ave”də çıxış edib. O, “qara qartallar”ın heyətində 29 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-18, U-19 və U-21 yığmalarında da oynamış Ege bu il əsas millidə də debüt edib, hələlik 1 oyunla yadda qalıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı futbolçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
22
arena.az

10Mənbələr