Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-nin Müstəqillik Günü münasibəti ilə Prezident Donald Trampa məktub göndərib.
“Bakuinfo” Teleqraf-a istinadən xəbər verir ki, Ermənistan hökumətinin başçısı məktubunda ABŞ Prezidentindən kömək istəyib.
N.Paşinyan məktubunda D.Trampın diqqətini Cənubi Qafqazda kommunikasiyaların (yolların) açılması məsələsinə də çəkib.
“Münaqişələrə son qoymaq və dünyada sülhün bərqərar olması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Birləşmiş Ştatlar Cənubi Qafqazda çoxdan gözlənilən sülh, sabitlik və rifahın bərqərar olmasına əsaslı töhfə verəcək. Mən Ermənistan hökumətinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh gündəliyinə, həmçinin “Sülh qovşağı” layihəsinin prinsiplərinə uyğun olaraq regional kommunikasiyaların açılmasına sarsılmaz sadiqliyini bir daha təsdiq edirəm”, - baş nazir qeyd edib.
“Carnegie” Fondu bundan əvvəl məlumat yaymışdı ki, Donald Tramp administrasiyası İrəvana Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinə təhvil verməyi təklif edib. Mənbə Ermənistan hökumətinin buna etiraz etmədiyini bildirib. Məlumatda qeyd edilib ki, ABŞ-nin planı Rusiyanı dəhlizə nəzarətdən kənarda qoyur.