BAKI, 4 iyul, TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Teleqraf-a müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh prosesi və Zəngəzur dəhlizinin ABŞ-in nəzarəti ilə açılması ilə bağlı mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Mətin bəy, son zamanlar Azərbaycanla Ermənistan arasında sülh sazişi ətrafında müzakirələr çoxalıb. İddialar var ki, ilin sonuna qədər yekun razılaşmanın əldə edilməsi mümkün ola bilər. Bu ehtimalı necə dəyərləndirirsiniz?
- Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesində müsbət dinamika müşahidə edilir. Sülh sazişi layihəsinin mətni üzərində də razılaşma var. Sadəcə olaraq Bakının İrəvan qarşısında sülh sazişi ilə bağlı ilkin şərtləri mövcuddur. Bunlar Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Məhz bundan sonra razılaşdırılmış sülh mətni üzərində saziş imzalana bilər. Artıq sülh sazişinin imzalanması üçün münbit zəmin formalaşıb. II Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərini Ermənistanın işğalından azad edib, 2023-cü ildəki antiterror tədbirlərindən sonra isə ölkə ərazisində separatizmə son qoyulub. Sadəcə olaraq son illərdə aparılan danışıqlar prosesində Ermənistan tərəfi bir çox məsələlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirir. Azərbaycanın prinsipial mövqeyi nəticəsində qarşı tərəfin bəzi məsələlərdə geri çəkilməsinə səbəb olub. Bütün bunların fonunda yaxın zamanlarda tərəflər arasında sülh sazişinin imzalanacağı ilə bağlı dəqiq proqnoz vermək çətindir.
- Kremillə münasibətlərin korlanması fonunda Azərbaycanla Ermənistan arasında sülhə imkan yarana bilərmi? Çünki indiyə qədər prosesə Moskvanın maneə olduğu iddia edilirdi…
- Reallıqda da bu mövzuya aid geniş yayılmış fikir var. Bu təkcə azərbaycanlı ekspertlərin söylədikləri fikirlər deyil. Ümumiyyətlə belə bir yanaşmalar səslənir. Sözsüz ki, bunun da ciddi əsasları var. Amma bütün bunların fonunda Ermənistan hakimiyyəti özündə siyasi iradə tapıb danışıqlar prosesində daha konstruktiv mövqe nümayiş etdirsə, Azərbaycanın tələb etdiyi şərtlərin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atsa, iki ölkə arasında yaxın zamanlarda sülh və yaxud ilkin çərçivə sənədinin imzalanması mümkün ola bilər.
- Zəngəzur dəhlizi ətrafında müzakirələr artıb. ABŞ-də dəhlizlə bağlı öz mövqeyini ifadə edib. Bu fəallıq nə ilə bağlıdır?
- Bu heç də yeni bir məsələ deyil. Əvvəllər də bu mövzuya dair fikirlər səslənib. Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da bu mövzuya aid iddialarla çıxış etmişdi. Sözsüz ki, Azərbaycanı bu məsələdə maraqlandıran əsas amil İrəvanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi ilə bağlıdır. 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin iştirakı ilə imzalanmış və II Qarabağ müharibəsinin başa çatmasını ehtiva edən üçtərəfli Bəyannamədə regional kommunikasiya xəttlərinin açılmasına dair ayrıca müddəa var. Üçtərəfli razılaşma ilə rəsmi İrəvan üzərinə mühüm öhdəliklər götürüb. Bu da ondan ibarətdir ki, Azərbaycandan-Azərbaycana yəni, Naxçıvana olan Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın əsas hissəsi ilə onun eksklav hissəsi olan Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin edilməlidir.
- Regional faktorlar dəhliz məsələsinə necə təsir edə bilər?
- Əslində, bu öhdəlik olmaqla yanaşı II Qarabağ müharibəsindən sonra formalaşmış yeni geosiyasi reallıqlara tamamilə uyğundur. Təəsüf ki, bir çox məsələlərdə olduğu kimi Ermənistan hakimiyyəti dəhliz mövzusunda da qeyri-konstruktiv mövqe nümayiş elətdirir. Bu səbəbdən də dəhliz məsələsi həllini tapmayıb. Amma regionda və dünyada sürətlə dəyişən proseslər fonunda dəhliz məsələsində də müəyyən irəliləyişlər əldə oluna bilər.
- Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra Rusiyanın Bakıya və İrəvana qarşı təzyiqləri bir qədər artıb. Kremlin bu məsələdəki narahatlığna səbəb nədir?
- Azərbaycan heç də bu məsələlərə geosiyasi rəqabət kontekstində yanaşmır. Rusiyanın və bölgədə maraqlı olan güc mərkəzlərinin bölgədən sıxışdırılıb çıxarılmasından söhbət getmir. Rəsmi Bakı ölkənin milli maraqlarına xidmət edən siyasət yürüdür. Bu məsələlərə də milli maraqlar və beynəlxalq normalar kontekstində yanaşır. Sözsüz ki, Ermənistanın Baş nazirinin Türkiyəyə səfərindən sonra da mövzulara dair fərqli fikirlər səslənir. Bunların nə dərəcədə əsaslı olub-olmadığını də demək çətindir. Amma baş baş verən dəyişikliklər fonunda istənilən versiyanı kənara qoymaq da yanlışlıq olar. Ola bilər ki, aparılan danışıqlar müstəvisində Zəngəzur dəhlizinin açılması istiqmatində başlıca zəmin formalaşıb. Ermənistan hakimiyyətinin dəhlizlə bağlı mövqeyində edəcəyi dəyişiklik Azərbaycan və Türkiyə ilə yanaşı bütövlükdə regionda müsbət proseslərin getməsinə töhfə vermiş olar. Bu kontekstdə regionda ciddi, geosiyasi və iqtisadi mövqeyə malik olan Türkiyə də bu proseslərdə müsbət mövqeyini ortaya qoymağa çalışır. II Qarabağ müharibəsindən sonra Türkiyə bəzi güc mərkəzlərindən fərqli olaraq konstruktiv mövqe sərgiləyir. Ankarının bu məsələlərə təsir etmək üçün isə kifayət qədər imkanı və potensialı var.