AZ

Xankəndidən İrəvana İSMARIŞ, Paşinyanın Ermənistanda açdığı “cəbhə”

Xankəndi sammiti hər şeydən öncə Azərbaycanın artıq sayılıb-seçilən və hesablaşılan, gerçəkdən suveren bir dövlət olduğunun növbəti bariz təsdiqi kimi tarixdə və yaddaşlarda qalacaq. Bu, eyni zamanda, Ermənistanda hələ də axmaq “artsax” xəyalları quran revanşistlərə, digər bu qəbil avantüristlərə, lap dəqiqi, erməni xalqının düşmənlərinə özlərini yığışdırmaq üçün yetərincə ciddi xəbərdarlıq mesajıdır.

Odur ki, Azərbaycan liderinin bugünkü sammitdə çıxışını kapitulyant ölkədə düz oxunması məsləhətdir. Çünki bu, ən əvvəl Ermənistanın təcriddən çıxıb inkişafa və quruculuğa üz tutması, heç olmasa, yeni regional layihələrə qoşulması, ən mühümü, bölgədə yeni müharibə riskinin aradan qalxması üçün vacibdir.

İrəvanın səhv eləmək limiti bitib. Ağıllarını başlarına yığsınlar. Yekə iddialarla yaşamağa son qoysunlar. Çünki daha bir dağıdıcı müharibədən bu cırtdan ölkə sadəcə, çıxmaya bilər...

O sırada Prezident İlham Əliyevin işğal dövrünə etdiyi ekskursu və Azərbaycan xalqının dirənişi, Böyük Qayıdışla bağlı qeydlərini, işğal nəticəsində dəyən 150 milyard dollarlıq ziyan barədə sözlərini unutmasınlar. Az öncə Baş nazirin müavini Samir Şərifov da eyni rəqəmi səsləndirmişdi.

Bu - iqtidarlı-müxalifətli ümumən erməni toplumuna, indiki və hətta gələcək erməni nəsillərinə ünvanlı vacib ismarışdır. Yəni qonşu ölkədə hakimiyyətdə kim olur-olsun, - radikallar, yoxsa mötədillər, - Bakının ədalətli tələbləri dəyişməyəcək...

Təzminatla bağlı tələbi isə beynəlxalq məhkəmələrdə legitimlşdirmək çətinlik yaratmayacaq. Ermənistanın işğalçı olduğunu təsdiqləyən N qədər sənəd, dəlil-sübut var. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsindən (822, 853, 874, 884) tutmuş, 10 noyabr (2020) kapitulyasiya aktına kimi.

Bəs yoxsul Ermənistan on milyardlarla dollar təzminatın altından çıxa bilərmi? Özlərinin də etiraf etdikləri kimi, yox. O zaman qoy, əvəzini vaxtilə qəsb etdikləri torpaqlarımızla versinlər. Bu barədə indidən yaxşı-yaxşı düşünsünlər...

Əlbəttə, Azərbaycan tərəfi bu məsələdə daha humanist davrana da bilər. Bir şərtlə ki, Ermənistan özünü uduzan tərəf kimi, adekvat aparsın, mətni razılaşdırılan sülh müqaviləsinin imzalanmasını ləngidən iki əngəli tezliklə aradan qaldırsın. Yeri gəlmişkən, həmin sənəddə məhkəmə iddialarından qarşılıqlı imtina barədə öhdəlik də yer alır.

Həmçinin vacibdir ki, İrəvan söydaşlarımızın öz yurd yerlərinə qayıdış haqqını rəsmən tanısın, nəinki bu haqqı Azərbaycanın Ermənistana “ərazi iddiasının təzahürü” kimi beynəlxalq birliyə sırımağa çalışsın. Qısası, top həmişəki kimi, Ermənistanın meydanındadır...

Bu xüsusda Baş nazir Nikol Paşinyanın Ermənistanda radikal-revanşistlərə, xüsusən də Rusiyaya bağlı qüvvələrə və terrorun əsas ideoloji yuvası sayılan kilsəyə qarşı açdığı cəbhə, apardığı həbslər təqdiredicidir. Ancaq hələlik kifayət deyil. Ona görə ki, bu qüvvələri “qidalandıran” maliyyə qaynaqlarının qurudulması da vacibdir.

Ən əsası, erməni xalqını radikal-revanşistlərin arxasınca getməyin vəd etdiyi ağır bədələ inandırmaqdır. Ardınca konstitusiya islahatlarının yolu açılmış olacaq. Ancaq bu, bizim problem deyil...

Analitik xidmət,
Musavat.com

Seçilən
20
50
musavat.com

10Mənbələr