BAKI, 4 iyul. TELEQRAF
“Yüksəliş” müsabiqəsi yalnız iştirakçıların deyil, bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
O bildirib ki, müsabiqə Azərbaycanda strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır.
“Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir. Ölkəmiz ötən illər ərzində qabaqcıl beynəlxalq təcrübələri əsas götürərək rasional dövlət siyasəti həyata keçirmiş, təhlükəsiz, inklüziv və dayanıqlı ölkə modeli kimi dünyada tanınıb. Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir. Azərbaycanda insan kapitalının hərtərəfli inkişafına dəstək göstərilir, müvafiq sahədə dövlət proqramları, strategiyalar və fəaliyyət planları qəbul olunur, davamlı islahatlar aparılır”, - S. Əliyeva əlavə edib.
O həmçinin qeyd edib ki, insan kapitalının formalaşmasınavə inkişafına, habelə yeni baxışların idarəetmə proseslərinə inteqrasiyasına yönəlmiş ən uğurlu layihələrdən biri olan “Yüksəliş” müsabiqəsi yalnız iştirakçıların deyil, bütövlükdə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir:
“Belə təşəbbüslər Azərbaycanın innovativ, şəffaf və insan yönümlü idarəetmə modelinə keçidinin bariz göstəricisidir".