AZ

Rusiya terror təşkilatı kimi qəbul etdiyi Talibanı nədən tanıdı? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiya yaxşı anlayır ki, Talibanın iştirakı olmadan Mərkəzi Asiyada hər hansı ciddi strateji xətti qurmaq çətin olacaq. Bu, həmçinin Kremlə geosiyasi və təhlükəsizlik baxımından vacibdir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Rusiyanın rəsmi olaraq Əfqanıstandakı Taliban hakimiyyətini tanımasını şərh edərkən deyib.

Hüseynov bildirib ki, Əfqanıstanda Taliban»ın hakimiyyətə gəlişi ölkədə yeni bir siyasi konfigurasiya formalaşdırıb:

"Uzun illər Talibanla savaşan ABŞ, bir çox digər bölgələrdə olduğu kimi, burada da sabit və davamlı bir sistem qurmağa müvəffəq olmadı. Nəticədə, hakimiyyət yerli və ideoloji baxımdan özünəməxsus bir təşkilat olan Talibana keçdi. Bu hadisə təkcə Əfqanıstanın daxili siyasi mühitinə deyil, həm də regional geosiyasi balansa ciddi təsir göstərib. Bəzi analitiklərin fikrincə, Talibanın hakimiyyətə gəlişindən sonra bir sıra regional və qlobal güclər-xüsusilə Rusiya, İran və Çin bu yeni aktordan öz maraqları naminə faydalanmaq istəyir".

Ekspert qeyd edir ki, Talibanın həm İranla sərhəddə yerləşməsi, həm də Mərkəzi Asiya ölkələri ilə qonşuluq əlaqələri onun regional təsir imkanlarını artırır:

"Bundan əlavə, Əfqanıstanın Hindistan və Pakistan kimi iki nüvə dövlətinin arasında yerləşməsi Talibanın geosiyasi dəyərini daha da yüksəldir. Rusiya yaxşı anlayır ki, Talibanın iştirakı olmadan Mərkəzi Asiyada hər hansı ciddi strateji xətt qurmaq çətin olacaq. Bu baxımdan, Moskva son dövrlər Talibanla sərhədyanı bölgələrdə sabitlik və təhlükəsizlik məsələlərinə fokuslanaraq, onunla dialoq imkanlarını araşdırır".

Həmsöhbətimiz deyir ki, Rusiya bu addımı ilə eyni zamanda, Talibanın yüksəlişi fonunda Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistanla münasibətlərində son dövrdə müşahidə olunan nisbi soyuma tendensiyasını tənzimləməyə çalışır:

"Bu məqsədlə Moskva həmin ölkələrlə diplomatik kanalları canlandırmaq və Taliban faktorunu nəzərə alan yeni siyasət qurmaq niyyətindədir".

Azər Hüseynovun fikrincə, Əfqanıstanın hazırki hökumətilə yaxınlaşmaq geosiyasi və təhlükəsizlik baxımından Moskva üçün xüsusi önəm kəsb edir:

"Talibanın artıq Əfqanıstanda de-fakto hakimiyyətə çevrilməsi, onun region ölkələri ilə hüquqi və siyasi münasibətlərinin normallaşması prosesini qaçılmaz edir. Rusiya da bu prosesdə geri qalmamaq üçün Talibanla əlaqələrin hüquqi çərçivəyə salınmasına maraq göstərir. Bu, təkcə geosiyasi deyil, həm də təhlükəsizlik baxımından Moskva üçün vacib məsələdir".

Qeyd edək ki, Rusiya rəsmi olaraq Əfqanıstan İslam Əmirliyini tanıyıb. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazilriyindən məlumat verilib.

Onu da vurğulayaq ki, Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmi olaraq tanıyan ilk ölkədir. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
50
qaynarinfo.az

10Mənbələr