AZ

Azərbaycan diasporasına yoxlama təzyiqi – münasibətlər gərginləşir- ÖZƏL

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri  Sergey   Mironov Azərbaycan diasporlarının və əlaqələr qurumların yoxlanılması üçün Baş prokurora müraciət edib. O, xüsusilə "Sadovod" və "Fud Siti" ticarət mərkəzlərinin fəaliyyətinə diqqət çəkib.
Politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, Azərbaycan diasporasına qarşı təzyiqlər münasibətləri gərginləşdirəcək:

"Sergey Mironovun belə bir müraciəti  təəccüb doğurmur. Sergey Mironovun özü, partiyasının adındakı ifadələrə baxmayaraq, Rusiyada imperialist və şovinist düşüncənin əsas daşıyıcılarından biridir. Məhz  Rusiya hakimiyyətinin müəyyən istəkləri və tələbləri Mironov və onun kimilərinin dilindən səsləndirilir. Ona görə də bu müraciət əsasında  Azərbaycanın diaspor fəaliyyətinin yoxlanılması, əlbəttə ki, Rusiya siyasətinin təhlükəli yönlərindən biridir.
Ümumiyyətlə, nəzərə alınmalıdır ki, Rusiyada fəaliyyət göstərən iş adamları və biznes subyektləri bilməlidirlər: Rusiya elə bir cəmiyyətdir ki, orada qanunlar işləmir, cəngəllik qanunları və kriminal normalar üstünlük təşkil edir. Və orada heç kimin malına, canına, təhlükəsizliyinə zəmanət yoxdur.
Necə ki, bunu müşahidə edirik. Əlbəttə ki, əgər bu yoxlamalar başlanacaqsa və davam etdiriləcəksə, konkret olaraq hədəflər və obyektlər də həmin müraciətdə göstərilibsə, o zaman tərəflər arasında münasibətlərə kölgə düşəcək və bu münasibətlər gərgin olaraq qalacaq.
Nəzərə almaq lazımdır ki, Azərbaycan diasporasının Rusiya biznes sistemində çox ciddi imkanları var.
Qida və yeyinti sektorunda  Azərbaycan biznesmenləri olduqca fəaldırlar və Rusiyanın qida təhlükəsizliyində mühüm rol oynayırlar. Əgər onlara qarşı təzyiqlər başlanacaqsa, bu, minlərlə iş yerinin itirilməsinə və sosial gərginliyin artmasına səbəb olacaq.
Bu, artıq Rusiya daxilində olan problemlərdir.
Eyni zamanda Azərbaycanla Rusiya arasındakı gərginlik də davam edəcək və yaranmış çatlar daha da dərinləşəcək. Bu isə nə Azərbaycan, nə də Rusiya üçün faydalı bir yanaşma deyil. Biz Rusiyadan çox müxtəlif iddiaları eşitməkdəyik.
Bu iddialar bəzən ekspertlərin dili ilə, bəzən Mironov kimilərinin dili ilə səsləndirilir. Bu da onu göstərir ki, Rusiya cəmiyyəti, ümumiyyətlə, hələ də özündən razı imperiya ambisiyalarından qurtula bilməyib.
Məhz bu da əslində Rusiyanın əsas problemlərindən biridir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
50
olaylar.az

10Mənbələr