Donald Tramp deyib: “Qəzza xalqının təhlükəsiz olmasını istəyirəm, onlar cəhənnəm əzabı yaşayıblar”
ABŞ prezidenti Donald Tramp İsrailin mühasirə altındakı Qəzza zolağındakı ərazilərə davam edən hücumları fonunda “Qəzza xalqının təhlükəsiz olmasını” istədiyini bildirib.
Jurnalistlərin Qəzzanı ələ keçirmək istəyib-istəmədiyi ilə bağlı sualını cavablandıran Tramp deyib:
“Ən vacibi odur ki, Qəzza xalqı təhlükəsiz olsun. Mən onların sağ-salamat olmasını istəyirəm. Onlar cəhənnəm əzabı yaşayıblar”.
Tramp bu ideyanı ilk dəfə fevral ayında səsləndirmiş və ABŞ-ın Qəzzaya nəzarəti ələ keçirməsi təklifini irəli sürmüşdü. Lakin bu təklif bir sıra ölkələr tərəfindən rədd edilmişdi.
Donald Tramp bu həftənin əvvəlində bildirib ki, Qəzzada gələn həftə ərzində atəşkəsin əldə olunacağına ümid edir. O, həmçinin Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşərək həm Qəzza, həm də İranla bağlı məsələləri müzakirə etməyi planlaşdırdığını təsdiqləyib.
Xatırladaq ki, İsrailin iyunun 6-da mühasirə altındakı ərazilərə endirdiyi zərbələr nəticəsində 100-dən çox fələstinli həyatını itirib.
İsrail 2023-cü ilin oktyabrından bəri Qəzzada soyqırım törədir
Fələstin tərəfi bildirir ki, İsrailin hücumları nəticəsində 2023-cü ilin oktyabrından bu günə qədər əksəriyyəti qadın və uşaq olmaqla 57 mindən çox fələstinli həyatını itirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyi bildirir ki, dağıdılmış evlərin altında qaldığı ehtimal olunan təxminən 11 min fələstinlinin taleyi ilə bağlı ciddi narahatlıq mövcuddur.
Bəzi ekspertlər isə hesab edirlər ki, ölənlərin real sayı Qəzza rəsmilərinin açıqladığı rəqəmlərdən xeyli çox ola bilər.
Vaşinqton uzun illərdir yaxın müttəfiqi olan İsrailə hər il 3,8 milyard dollar həcmində hərbi yardım ayırır. 2023-cü ilin oktyabrından bəri ABŞ İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar və regiondakı digər münaqişələri dəstəkləmək məqsədilə 22 milyard dollardan çox vəsait xərcləyib.
Buna baxmayaraq yüksək vəzifəli ABŞ rəsmiləri Qəzzada mülki insanların kütləvi şəkildə həlak olmasına görə İsraili tənqid etsələr də, Vaşinqton indiyədək bu ölkəyə silah tədarükünə şərtlər qoyulması ilə bağlı çağırışlara qarşı çıxmaqda davam edir.