“Apple” şirkətinin növbəti flaqman smartfonu olan “iPhone 17 Pro Max” modeli şirkətin tarixində ən böyük tutumlu batareya ilə təchiz ediləcək.
Bizim.Media xəbər verir ki, bu barədə “MacRumors” nəşri məlumat yayıb.
Məlumata görə, “iPhone 17 Pro Max” modelində batareyanın tutumu təxminən 5000 mA/saat olacaq. Bu göstərici hazırkı “iPhone 16 Pro Max” modelindəki 4676 mA/saat batareyadan 324 mA/saat çoxdur.
Yeni modelin batareyasının artırılması 35 saata qədər avtonom iş rejimini təmin edə bilər ki, bu da “iPhone 16 Pro Max”dan 2 saat çoxdur. Avtonomluğun artmasına həmçinin enerji cəhətdən daha effektiv “Apple A19 Pro” prosessoru, həm də “Qualcomm Snapdragon X80” modemi təsir göstərəcək.
Qeyd olunur ki, Apple bu dəfə də cihazı öz istehsalı olan modemlə deyil, “Qualcomm” şirkətinin modemilə təchiz edəcək.
Yeni “iPhone 17” seriyasının təqdimatı 2025-ci ilin sentyabr ayında gözlənilir. Məlumata görə, bu seriyada artıq “Plus” modeli təqdim olunmayacaq. Onun yerini “iPhone 17 Air” adlı ultranazik yeni model əvəz edəcək. Bu modelin yalnız bir arxa kamerası olacaq və 5,5 mm qalınlığa malik korpusla satışa çıxarılacaq.
Bundan əlavə, Pro və Pro Max modelləri də arxa panelin yenilənmiş dizaynı ilə fərqlənəcək.
Bizim.Media