"Apple"ın sentyabr ayında təqdim edəcəyi "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modelləri arxa paneldə yerləşən loqotipin yeni mövqeyi ilə fərqlənə bilər.
Valyuta.az xəbər verir ki, insayder Majin Bu tərəfindən yayılan məlumata görə, "Apple" loqosu korpusun alt hissəsinə doğru endiriləcək. Bu dəyişiklik kameranın yenidən dizayn edilmiş və əvvəlkindən daha çox çıxıntı yaradan blokuna uyğunlaşdırma məqsədi daşıyır.
Loqotipin yeri dəyişdiyi üçün bu, "MagSafe" aksesuarlarının uyğunluğuna birbaşa təsir edə bilər. Çünki "iPhone"un gövdəsinə yerləşdirilən maqnitlər adətən loqotipə uyğun yerləşdirilir və loqotipin mövqeyi dəyişərsə, aksesuar istehsalçıları maqnit sistemlərini də yenidən tənzimləməli olacaqlar.
Bəzi istehsalçılar artıq dizaynın təsdiqlənməsini gözləmək üçün çanta istehsalını müvəqqəti dayandırıb. Şayiələrə görə, "Apple" həmçinin "MagSafe" konfiqurasiyasını da bir qədər dəyişə bilər, bu da istehsalçıları yeni modellərlə uyğunluğu yenidən test etməyə məcbur edəcək.
Daha əvvəl məlumat verilmişdi ki, "Apple" altı ildən sonra ilk dəfə olaraq "iPhone"un əsas modelində - "iPhone 16 Pro"da ekran ölçüsünü artırmışdı. Eyni dəyişikliklərin "iPhone 17" seriyasında da davam edəcəyi gözlənilir.
Yaxın zamanda şəbəkədə "iPhone 17 Pro" modelinə aid olduğu deyilən yeni şəkillər də yayılıb. Bu görüntülərdə kameranın blok dizaynının da dəyişdirilərək ilk dəfə üfüqi yerləşdirildiyi görünür.
Paşa Məmmədli