AZ

Ukraynanın üç il əvvəlki səhvinin AĞIR CƏZASI – Rusiya bu əraziləri də İŞĞAL EDƏCƏK...

ABŞ Ukraynaya verdiyi silah tədarükünü dayandırdığını elan edib. Sözügedən silahlar arasında HIMARS raket sistemləri və hava hücumundan müdafiə üçün vacib olan Patriot kompleksləri xüsusi yer tutur. Göndərilməsi dayandırılan silahlar arasında Vaşinqtonun Polşada yerləşdirdiyi texnikalar da var.

Məlumat üçün bildirək ki, ABŞ Polşada 20-dən çox Patriot PAC-3 zenit raket sistemi, 20-dən artıq AIM tipli hava-hava raketləri yerləşdirib.

Vaşinqton bu qərarı öz ehtiyatlarının azalması ilə əlaqələndirib.

ABŞ-nin müvəqqəti işlər vəkili Con Hinkel bu məsələni müzakirə etmək üçün Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub. Nazir müavini Maryana Betsa ABŞ-a indiyə qədərki dəstəyə təşəkkür etsə də, xüsusilə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün ayrılmış müdafiə paketlərinin saxlanmasının həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Ukrayna hazırda 8 ədəd Patriot hava hücumundan müdafiə sistemi ilə müdafiə olunur ki, onun da 6-sı fəaliyyət göstərir. ABŞ isə bu il ərzində Ukraynaya 11 milyard dollara qədər dəyərində silah və texnika verməyi vəd etmişdi.

Aydındır ki, ABŞ-nin bu addımı Ukraynanın döyüş meydanındakı imkanlarına təsir göstərə bilər. Xüsusən, HIMARS raket sistemləri və hava hücumundan müdafiə üçün vacib olan Patriot kompleksləri kimi ABŞ istehsalı silahların əvəzlənməsi asan deyil.

Rusiya irəliləməyə davam edir...

Rusiya ordusu isə artıq Ukraynanın Dnepropetrovsk vilayətində irəliləməyə başlayıb. Məlumata görə, Rusiyanın 114-cü motoatıcı briqadasının 51-ci ordusunun hərbçiləri Dnepropetrovsk vilayətində yerləşən Daçnoye kəndini ələ keçiriblər.

Bununla yanaşı, Rusiya digər ərazilərdə də irəliləyişlərə nail olub. Belə ki, artıq Lukansk vilayəti tamamilə rus ordusunun nəzarətinə keçib.

Görünən odur ki, mövcud vəziyyətdə Ukrayna daha bir sıra əraziləri itirməli olacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirir ki, Ukrayna mövcud vəziyyətdə çox şey itirəcək:

“Onlar artıq Jitomir, Odessa, Nikolayev olmaqla bütün Ukraynanı itiriblər. Ukraynanın taleyi, hər şey Qərbdən asılıdır. Ukrayna hakim zümrəsinin əsas günahı ondadır ki, ölkənin bu gününü, sabahını böyük ölkələrin ümidinə bağlayıblar. Böyük ölkələrin isə bölgədə maraqları var. Bu fonda hələ də Kiyevdə anlamırlar ki, həmin ölkələr öz maraqları naminə Ukraynanı güdaza veriblər. Ona görə də məsələ Amerikanın silah verməsindən, Avropanın pul ayırmasından, dəstəyin olub-olmayacağından asılı olaraq qalmaqdadırlar”.

Politoloqun fikrincə, Kiyev əvvəldən çalışmalı idi ki, müharibə olmasın:

“Bunun üçün də hansısa bir güzəştə getməli idilər. Amma ölkə daxilində hakimiyyət naminə milli maraqları güdaza verməyə hazır xeyli qüvvələr var. Onun nəticəsidir ki, indi Ukrayna cəzasını çəkir”.

Rüfət Sultan, Bizim.Media

Seçilən
9
26
bizim.media

10Mənbələr