AZ

ErmənistandaPaşinyana impiçment çağırışları: Siyasi gərginlik artırmı? - ÖZƏL

Erməni deputat Ayk Mamicanyan Paşinyanı Qarabağdan köçə, siyasi uğursuzluqlara və dövlət qurumlarının nüfuzdan düşməsinə görə ittiham edib. O, impiçmentin gündəmdə olduğunu bildirib, Paşinyanın iş adamlarına qarşı ehtiyatlı davranışını da tənqid edib.

Politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ Mamicanyanın bu fikirləri təkbaşına səsləndirib-səsləndirmədiyi yox, arxasında hansı güclərin və maraqların durub-durmadığıdır: 

"Ayk Mamicanyanın səsləndirdiyi impiçment çağırışları və Paşinyana yönəlik sərt ittihamları Ermənistanın daxili siyasi gündəmində mühüm rezonans doğura bilər. Bu çıxış həm Ermənistan daxilindəki müxalif kəsimin cəsarətlənməsi, həm də cəmiyyətin müəyyən təbəqələrində siyasi alternativ axtarışlarının intensivləşməsi ilə nəticələnə bilər. Mamicanyan bu bəyanatla əslində yalnız Paşinyanı deyil, ümumən hazırkı siyasi kursu hədəfə alır. İmpiçment iddialarının real hüquqi nəticəyə çevrilməsi indiki konfiqurasiyada çətin görünür, lakin bu, ictimai rəyin formalaşmasında mühüm təzyiq alətinə çevrilə bilər. Ermənistanın siyasi sistemində institutların zəifliyi fonunda bu cür çağırışlar populist ritorika kimi də qiymətləndirilə bilər. Lakin burada əsas məsələ Mamicanyanın bu fikirləri təkbaşına səsləndirib-səsləndirmədiyi yox, arxasında hansı güclərin və maraqların durub-durmadığıdır.

Paşinyanın iş adamları ilə ehtiyatlı davranması isə bir neçə məqamla izah olunur. O, xüsusilə köhnə sistemlə əlaqəli olan iqtisadi elitaların təsir dairəsini daraltmağa çalışır. Bu davranış isə həm siyasi, həm də iqtisadi risklər doğurur. Çünki Ermənistan kimi az bazarlı, xarici sərmayə asılılığı olan ölkələrdə iş adamlarının dəstəyi həm sabitlik, həm də legitimlik üçün vacibdir.
İqtisadi elitanın narazı qalması Paşinyanın siyasi dayaqlarını zəiflədə və onu daxili təzyiqlərlə üz-üzə qoya bilər. Siyasi sistemdə bir balans pozulursa, digər güc mərkəzləri də qabarmağa başlayır. Bu kontekstdə Mamicanyanın çağırışları həm də iqtisadi çevrələrin narahatlığının siyasi ifadəsi ola bilər.
İmpiçment tələbləri yaxın perspektivdə nəticə doğurmasa da, bu Paşinyanın manevr imkanlarını daralda bilər. Çünki daxildə siyasi rəqiblər, xaricdə isə dəyişən regional dinamika fonunda onun siyasi immuniteti ciddi sınaq qarşısındadır. Ermənistan cəmiyyəti yenidən qarşıdurma və qeyri-müəyyənlik dövrünə sürüklənə bilər. Bu isə yalnız bir şəxsin deyil, dövlətin dayanıqlığı üçün risk yaradır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr