
Ermənistan parlamentinin deputatı, sabiq prezident Serj Sərkisyanın tərəfdarlarından biri olan Ayk Mamicanyan Baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib.
Olaylar.az xəbər verir ki, deputat bildirib ki, Paşinyan Ermənistanın xarici və daxili siyasətində uğursuzluqlara yol verib, müharibə nəticəsində beş minə yaxın gəncin həyatını itirməsinə səbəb olub, Qarabağdan ermənilərin köçməsinə zəmin yaradıb, dövlət institutlarının nüfuzuna xələl gətirib və Erməni Apostol Kilsəsi ilə münasibətləri pozub. Mamicanyan onun impiçment proseduru ilə vəzifəsindən kənarlaşdırılacağını iddia edib, lakin konkret tarix açıqlamayıb.
O, həmçinin Paşinyanın "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarını siyasi proseslərə qatılmaqdan çəkindirməsi ilə bağlı açıqlamasını da tənqid edib. Deputatın sözlərinə görə, Baş nazir bu şirkətin sahibi, Rusiyanın "Tashir" holdinqinin rəhbəri Samvel Karapetyan və digər nüfuzlu erməni iş adamlarından ehtiyat edir.
Mamicanyan, Paşinyanın gələcəkdə uzun müddət həbsdə qalacağını da iddia edib. (milli.az)