AZ

"İran MAQATE ilə əməkdaşlığı dayandırdı: Tehran Qərbə ultimatum verir" - "Deutsche Welle"

"Müfəttişlər ancaq ABŞ və İsrail hücumları qınanarsa, ölkəyə buraxılacaq..."

İran prezidenti Məsud Pezeşkian ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandıran qanunu rəsmi şəkildə imzalayıb. Bu qərar son aylarda baş verən intensiv geosiyasi gərginliklərin, xüsusilə də ABŞ və İsrailin İranın nüvə obyektlərinə hava zərbələrindən sonra qəbul edilib.

Moderator.az xəbər verilir ki, bu barədə "dw.com" nəşri məlumat yayıb.

Qanun layihəsi ötən həftə İran parlamentində (Məclisdə) qəbul edilib, daha sonra Konstitusiyanın Keşikçilər Şurası tərəfindən təsdiqlənib. Artıq iyulun 2-dən etibarən ölkə rəhbərliyi bu qərarı hüquqi qüvvəyə mindirib. İran mediasının yazdığına görə, prezident Pezeşkianın qərarı beynəlxalq aləmdə geniş rezonans doğurub.

Tehran MAQATE-yə etibar etmir

Yeni qanuna əsasən, MAQARE-nin müfəttişləri yalnız İranın milli nüvə təhlükəsizliyi təmin olunduqdan sonra ölkəyə daxil ola biləcəklər. Bundan əlavə, agentliyin gələcək istənilən fəaliyyəti İranın Milli Təhlükəsizlik Ali Şurasının xüsusi icazəsinə tabe olacaq. Hətta icazəsiz şəkildə MAQATE əməkdaşlarını ölkəyə buraxan şəxslər üçün cərimələr də nəzərdə tutulur.

Parlamentin mətbuat katibi Əlirza Səlimi bildirib ki, bu addım MAQATE tərəfindən qəbul edilən "siyasi motivli qətnaməyə" cavab olaraq atılıb. Tehran agentliyin rəhbəri Rafael Qrossini İsrail-ABŞ təcavüzünə "şübhəli dərəcədə yardım etməkdə" ittiham edir və ona qarşı şəxsi sanksiyaların tətbiqi də gündəmdədir.

İsrail və ABŞ zərbələri vəziyyəti dəyişdi

İyunun 13-də İsrail İrana qarşı kütləvi hücumlara başladı və on gün ərzində əsasən nüvə və hərbi obyektləri bombaladı. İran cavab olaraq raket və dronlarla İsrailə qarşı intensiv zərbələr endirdi. İyunun 24-də atəşkəs elan olunsa da, İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə infrastrukturu ABŞ-ın da dəstəyi ilə ciddi şəkildə hədəfə alınıb.

Rəsmi Vaşinqtonun bəyanatına görə, bu zərbələrin əsas məqsədi İranın atom bombası əldə etməsinin qarşısını almaq idi. Prezident Donald Tramp bildirib ki, "bu əməliyyatlarla İranın nüvə proqramı tamamilə məhv edilib". Lakin həm Tehran, həm də ABŞ kəşfiyyatı indiyə qədər İranın nüvə silahı istehsal etdiyinə dair sübut tapmadıqlarını açıqlayıb.

MAQATE-nin çağırışı və Tehranın rəddi

Hücumlardan sonra MAAE rəhbəri Rafael Qrossi İran rəhbərliyindən zədələnmiş obyektlərə giriş icazəsi istəyib. Agentlik həmçinin obyektdəki zənginləşdirilmiş uran ehtiyatlarını yoxlamaq istəyir. Lakin İran bu çağırışı rədd edərək bildirib ki, "müfəttişlər ancaq obyektlərin təhlükəsizliyi təmin olunduqdan sonra qəbul ediləcək". İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf əlavə edib ki, "MAQATE yalnız ABŞ və İsrailin təcavüzkar hücumlarını qınadıqdan sonra Tehran onunla əməkdaşlığı bərpa edəcək".

Qərb narahatdır, hətta Rusiya belə razı deyil

Almaniya xarici işlər naziri Yohann Vadeful İranın bu qərarını "tamamilə yanlış siqnal" adlandırıb. Hətta İranın əsas tərəfdaşı sayılan Rusiya belə bu addımı dəstəkləməyib. Bu da onu göstərir ki, Tehran beynəlxalq nüvə nəzarət sistemindən qopmaqla həm regionda, həm də qlobal arenada daha gərgin və təcrid olunmuş mövqe tutur. Hazırda İran Qərbə açıq şəkildə mesaj verir: ya nüvə suverenliyimizə hörmət edəcəksiniz, ya da əməkdaşlıq dayanacaq. Bu isə həm Yaxın Şərqdəki balansları, həm də gələcək diplomatik gedişləri ciddi şəkildə dəyişə bilər.

Seçilən
29
8
moderator.az

10Mənbələr