"ABŞ-ın "PAC-3 Patriot" raketlərinin tədarükünü dayandırması Kiyevin müdafiəsində təhlükəli dönüş nöqtəsidir..."
Almaniyanın Bild qəzeti xəbər verir ki, Ukraynanın Rusiya raketlərinə qarşı istifadə etdiyi ən vacib müdafiə silahı - "PAC-3 Patriot" raketlərinin ehtiyatı yayın sonuna qədər yetəcək. ABŞ-ın bu raketlərin, eləcə də digər mühüm silah növlərinin tədarükünü dayandırması Kiyevi kritik vəziyyətə sürükləyir.
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Münhen Universitetinin beynəlxalq siyasət üzrə professoru Karlo Masalanın sözlərinə görə, "əgər bu ehtiyatlar tükənərsə və Avropa onların yerini vaxtında doldura bilməzsə, Ukraynanın hava hücumlarından müdafiəsində həyati boşluq yaranacaq".
"PAC-3 Patriot"ların olmaması ballistik təhlükəni artırır
Rusiya ballistik raketlərini havada məhv edə bilən yeganə sistem olan "Patriot" kompleksləri artıq yeni raket almır. "Bild" bu vəziyyəti "xüsusilə dramatik" adlandırır. Bu raketlər olmadan Ukrayna şəhərləri Rusiya raket hücumlarına qarşı daha müdafiəsiz qalır.
Bundan əlavə, yüksək dəqiqlikli GMLRS raketlərinin olmaması HIMARS sistemlərinin effektivliyini demək olar ki, sıfırlayır. Hava-hava sinfindən olan AIM-7 raketlərinin tədarükünün dayanması isə F-16 qırıcılarının "Shahed" pilotsuz təyyarələrinə qarşı rolunu zəiflədir.
Avropanın Trampa ümid bağlaması tənqid olunur
Münhen Təhlükəsizlik Konfransı nəzdindəki "Zeitenwende" təşəbbüsünün eksperti, Almaniya Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi Niko Lanqe bəyan edib ki, "Avropa ölkələri Trampa çox ümid bəslədi, lakin bu, səhv idi".
Onun fikrincə, Avropa liderləri düşündülər ki, Trampa dostcasına yanaşmaqla ABŞ hərbi yardımını davam etdirəcək. Halbuki "Tramp ilk gündən bu yardımın davam etməyəcəyini deyirdi, sadəcə Avropa buna inanmaq istəmirdi".
Vaşinqton diqqətini başqa istiqamətlərə yönəldir
"The Wall Street Journal" yazır ki, ABŞ administrasiyası hazırda Çin və Yaxın Şərqdəki təhlükələrə daha çox diqqət yetirmək qərarına gəlib. Bu səbəbdən Ukraynaya hərbi yardım paketi prioritet deyil. Bu dəyişiklik ABŞ-ın Ukraynanı müdafiə etməyə olan sadiqliyində real zəifləmənin göstəricisi kimi qiymətləndirilir.
Ukrayna Xarici İşlər Nazirliyi ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Ginkeli çağıraraq, silah tədarükünün təxirə salınmasından narahatlığını bildirib. Nazir müavini Maryana Betsa xüsusilə Hava Hücumundan Müdafiə sahəsində tədarükün davam etdirilməsinin həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. O xatırladıb ki, Rusiya atəşkəs təkliflərini rədd edir və şəhərlərə qarşı hava hücumlarını daha da gücləndirir.
"Patriot raketlərini dayandırmaq qeyri-insani görünərdi"
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak isə "Bild"ə açıqlamasında bildirib ki, ABŞ-ın ümumiyyətlə raket tədarükünü tamamilə dayandıracağına inanmır. Onun sözlərinə görə, bu addım "qeyri-insani görünərdi, çünki "Patriot" sistemləri hazırda Ukraynanın mülki əhalisini genişmiqyaslı qoruyan yeganə sistemlərdir".
Yay bitənə qədər Ukraynanın əlinin altında olan son raketlər də tükənə bilər. Bundan sonra baş verəcəklər isə Avropanın məsuliyyətini daha da artıracaq - ya boşluğu doldurmalı, ya da Ukraynanı ağır risklərlə tək buraxmalı olacaq.