AZ

Rusiyanın Cənubi Qafqaz planları: “İLK HƏDƏF AZƏRBAYCAN OLACAQ”

“Rusiyanın Ukrayna üzərində qələbəsi ehtimal olunan variantlardandır. Ancaq hələ ki, bu qələbə real hesab olunmur. Ukraynanın məğlubiyyəti keçmiş postsovet məkanı ilə bərabər Avropa qitəsi üçün ciddi təhlükəsizlik təhdidləridir. Qərb Ukraynanın tam şəkildə Rusiya qarşısında məğlub olmaması üçün bundan sonra da ona yardımları davam etdirəcək”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, son bir ildə əslində iki ölkə savaşında Rusiya müəyyən uğurlar əldə etsə də hələ də çox böyük ərazi ələ keçirə bilməyib:

“Arzuolunmaz variant odur ki, Rusiya Ukraynada istədiyini əldə etdikdən sonra keçmiş postsovet məkanı ölkələri təzyiq altında qalacaq. İlk hədəfi isə Azərbaycan olacaq. Rəsmi Moskva heç bir halda keçmiş postsovet məkanı ölkələrini nəzarətdən buraxmaq istəmir, onların müstəqil siyasətini qəbul edə bilmir. Azərbaycanın da artıq regionda öz sözünü deməsi, öz təhlükəsizlik və hərbi sistemini müasir standartlarla qurması Rusiyanı ciddi şəkildə narahat edir, qəzəbləndirir”.

O. Qasımov qeyd edib ki, Ukraynada savaş sürətlə davam etməyəcək:

“Bu, uzunmüddətli bir savaş olacaq. Həm də münaqişə bir tərəfdən Rusiyanı taqətdən salmaq üçün istifadə olunacaq. Bu məsələdə xüsusilə ABŞ-ın mövqeyi önəmlidir. Əgər Donald Tramp Ukraynaya dəstəyi davam etdirəcəksə, yaxud Avropa İttifaqının ayırdığı vəsaitlərlə Ukrayna silah-sursatla təmin olunacaqsa müdafiə imkanları ciddi şəkildə artacaq. Ukraynanın Rusiyanı məğlubetmə imkanları o zaman ola bilər ki, ABŞ və Qərb Ukraynanı lazım olan bütün vasitələrlə təmin etsin, dəstək ciddi şəkildə artırılsın. Ukrayna o zaman Rusiyanı ciddi şəkildə çətin vəziyyətə sala bilər.

Hazırda Rusiya belə hesab edir ki, vəziyyət onun xeyrinədir tezliklə məqsədinə çatacaq. Ona görə də artıq Güney Qafqaza təzyiqləri artırıb. Azərbaycanla olan münasibətləri göz önündədir. Maraqlı məqam isə odur ki, ilk dəfə olaraq Azərbaycan və Ermənistan Rusiyanın faktiki olaraq eyni dərəcədə təzyiqinə məruz qalıb, ona qarşı birgə müqavimət göstərmək imkanları yaranıb. Bunun da əsas səbəbi odur ki, Rusiya faktiki olaraq Azərbaycan-Ermənistan sülh prosesindən kənarda qalıb, müdaxilə edə bilmir. Ona görə də hər iki tərəfə təzyiq etməklə gələcək münaqişələr üçün əsas yaratmağa və Türkiyənin bölgədə güclənməsinin qarşısını almağa çalışır. Bütün hallarda Rusiyanın nə istədiyindən aslı olmayaraq Azərbaycanın müqavimət gücü, müttəfiqləri də var. Rusiyanın hər istədiyi ssenari Qafqazda keçərli olmayacaq. Əgər Ermənistan da Rusiyaya qarşı müqavimətini davam etdirərsə, şübhəsiz ki, onun Cənubi Qafqaz planları puç olacaq və mövqeyi daha da zəifləyəcək”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
34
50
editor.az

10Mənbələr