Bakı şəhərində daşınmaz əmlak bazarında 2024-cü ildə rayonlar üzrə qiymət fərqləri diqqət çəkib.
Azərbaycanda təkrar bazarda mənzillərin qiyməti artıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında ətraflı məlumat verilib.
Ən yüksək qiymətlər Səbail rayonunda, ən aşağı qiymətlər isə Qaradağ rayonunda müşahidə olunub.
Səbail rayonu 2024-cü ildə də ən yüksək mənzil qiymətləri ilə liderliyini qoruyub. Burada ilkin bazarda 14%, təkrar bazarda isə 9% artım qeydə alınıb. Lakin ilin ikinci yarısında qiymətlərdə azalma müşahidə edilib. Əmlak bazarındakı durğunluq nəticəsində ilkin bazarda qiymətlər sabit qalıb, təkrar bazarda isə enmə baş verib. 2025-ci ilin I rübündə isə ilkin bazarda ucuzlaşma davam edib.
Xətai rayonunda ilkin bazar qiymətləri təkrar bazarı üstələyir. Bu fərq əsasən “Ağ şəhər” layihəsi və rayonun mərkəzə yaxın əraziləri ilə əlaqələndirilir. Əmlak bazarındakı durğunluq bahalı əmlaklara mənfi təsir göstərib, bu da Xətai rayonunda açıq hiss olunub. 2024-cü ilin son rübündə ilkin bazarda 11% azalma, 2025-ci ilin I rübündə isə 5% artım baş verib.
Yasamal rayonunda 2023-cü illə müqayisədə 2024-cü ildə ilkin bazarda 19%, təkrar bazarda 14.5% artım qeydə alınıb. İlkin bazarda III rübdə qiymət azalsa da, IV rübdə II rüb səviyyəsinə qayıdıb. 2025-ci ildə təkrar bazarda sabitlik, ilkin bazarda isə 2% ucuzlaşma müşahidə olunub.
Nərimanov rayonu üzrə 2024-cü ildə təkrar bazarda qiymət artımı ilkin bazardan çox olub – ilkin bazarda 11%, təkrar bazarda 13%. İl ərzində təkrar bazarda ilk 3 rübdə sabitlik, sonda isə cüzi dəyişiklik qeydə alınıb. İlkin bazarda isə ilin əvvəlinə nisbətən 2% artım, son 3 rübdə isə 3.7% azalma müşahidə edilib.
Nəsimi rayonu üzrə 2024-cü ildə ilkin bazarda 20% qiymət artımı baş verib. İlkin bazarda qiymətlər təkrar bazara nisbətən daha sürətlə artıb. İlin əvvəlindən sonuna qədər 14% bahalaşma, 2025-ci ilin I rübündə isə qismən qiymət azalması qeydə alınıb.
Sabunçu rayonunda 2024-cü ildə ilkin bazar qiymətləri təkrar bazar qiymətlərini üstələyib. Burada 30%-ə qədər artım müşahidə olunub və bu artımda “Sea Breeze” layihəsi mühüm rol oynayıb. 2025-ci ilin I rübündə ilkin bazarda 14.3%, təkrar bazarda isə 10% bahalaşma baş verib.
Nizami rayonu üzrə 2024-cü ildə ilkin bazarda 12%, təkrar bazarda isə 10% artım baş verib. III rübdə ilkin bazarda qiymət artımı, ilin sonunda isə 4% azalma qeydə alınıb və qiymətlər ilin əvvəlindəki səviyyəyə qayıdıb. 2025-ci ilin I rübündə isə ötən ilin eyni dövrü ilə müqayisədə 8% bahalaşma baş verib.
Binəqədi rayonu üzrə 2024-cü ildə 13% bahalaşma qeydə alınıb. Lakin ümumilikdə stabillik müşahidə olunub, kəskin qiymət dəyişiklikləri baş verməyib.
Qaradağ rayonu ən aşağı qiymətə malik ərazilərdən biri olaraq qalıb. 2024-cü ildə ilkin bazarda 20% qiymət artımı müşahidə edilsə də, ümumilikdə sabitlik qorunub və kəskin dəyişikliklər qeydə alınmayıb.
Suraxanı rayonu üzrə 2023-cü illə müqayisədə 2024-cü ildə 10%-ə qədər bahalaşma baş verib. 2024-cü ilin əvvəlində ilkin və təkrar bazar qiymətləri arasında fərq 35% təşkil edirdisə, 2025-ci ilin eyni dövründə bu fərq 13.2%-ə, III rübdə isə 10%-ə qədər enib.