Uğurlu karyera üçün keyfiyyətli təhsil vacib şərtlərdən biri hesab olunsa da, bu, həmişə uğurun zəmanəti olmur.
Valyuta.az xəbər verir ki, dünyanın bir çox nüfuzlu universitetlərində təhsil almış, milyonlarla sərmayə toplamış iş adamları sonradan səs-küylü iflaslar və hüquqi problemlərlə qarşılaşıblar.
Yüksək təhsil alsalar da, müxtəlif səbəblərlə biznes həyatı uğursuzluqla nəticələnmiş bir neçə məşhur iş adamı
Eike Batista
Braziliyalı milyarder "Eike Batista" bir vaxtlar dünyanın ən varlı şəxslərindən biri olub. O, Almaniyanın RWTH Aachen Universitetində mühəndislik üzrə təhsil alıb, lakin universiteti bitirmədən ayrılıb. "Batista"nın sahibi olduğu "EBX" qrupu 2012-ci ildə 30 milyard dollardan çox dəyərləndirilirdi. Lakin 2013-cü ildə şirkətlərin səhmləri çökdü, sərvəti demək olar ki, sıfıra endi və Batista müflis oldu.
Björgólfur Guðmundsson
İslandiyalı iş adamı "Björgólfur Guðmundsson" ölkəsinin ən varlı şəxslərindən biri idi. O, təhsilini "Verzlunarskóli Íslands" adlı iqtisadi məktəbdə alıb. "Landsbanki" bankının və "West Ham United" futbol klubunun sahibi olan Guðmundsson 2008-ci il maliyyə böhranı zamanı 750 milyon dollardan çox borcla iflas etdi və maliyyə sistemindən uzaqlaşdırıldı.
Kenneth Lay
Amerikalı iş adamı "Kenneth Lay" "Missuri" və "Hyuston" universitetlərində iqtisadiyyat üzrə bakalavr, magistr və doktorluq dərəcələri alıb. O, "Enron" şirkətinin qurucusu idi. 2001-ci ildə "Enron"un iflası ABŞ tarixinin ən böyük korporativ skandalı sayılır. Şirkətin süni gəlir hesabatları nəticəsində minlərlə insan işini və sərmayəsini itirdi. Lay fırıldaqçılıqda təqsirli bilinərək məhkəməyə verildi və cəza hökmündən əvvəl vəfat etdi.
Sam Wyly
Amerikalı sahibkar "Sam Wyly" "Louisiana Tech University" və "Michigan Universiteti"ndə təhsil almış, müxtəlif texnologiya və pərakəndə şirkətlərin – o cümlədən "Sterling Software" və "Michael’s"ın qurucusu olmuşdu. Lakin 2010-cu ildə o, vergi fırıldaqları səbəbindən ABŞ Maliyyə Nəzarət Komissiyası tərəfindən ittiham olundu və 2014-cü ildə iflas elan etdi.
Daniel Drew
19-cu əsrin sonlarında ABŞ-da fəaliyyət göstərmiş "Daniel Drew" zənginləşmiş investor və dəmiryolu maqnatı idi. Təhsili əsasən dini məktəblərlə məhdudlaşsa da, özünü inkişaf etdirmiş və böyük sərvət toplamışdı. Lakin riskli investisiyalar və maliyyə manipulyasiyaları nəticəsində bütün sərvətini itirdi və ömrünün sonunu yoxsulluqda keçirdi.
Elizabeth Holmes
"Stanford Universiteti"ndə təhsil alan "Elizabeth Holmes" "Theranos" adlı səhiyyə texnologiyası şirkətini qurdu və bir müddət “Silikon Vadisinin möcüzəsi” sayıldı. Lakin şirkətin qan testləri üzrə təqdim etdiyi texnologiyanın işləmədiyi ortaya çıxdı. Holmes fırıldaqçılıq ittihamı ilə həbs edildi və iş dünyasında simvolik uğursuzluqlardan biri oldu.
Adam Neumann
"Baruch College"də biznes təhsili almış israilli sahibkar "Adam Neumann", "WeWork" adlı ortaq iş mühiti platformasının qurucusudur. Şirkət bir vaxtlar 47 milyard dollar dəyərləndirilsə də, qeyri-sabit idarəçilik və gəlir modelindəki problemlər nəticəsində IPO prosesi uğursuz oldu və Neumann vəzifəsindən uzaqlaşdırıldı.
Jürgen Schrempp
Alman mühəndis və iş adamı "Jürgen Schrempp", "Freiburg Texniki Universiteti"ndə mühəndislik təhsili almış, "Daimler-Benz" və daha sonra "DaimlerChrysler" şirkətinin baş direktoru olmuşdu. Onun rəhbərliyi ilə "Chrysler" ilə birləşmə “qızıl evlilik” kimi təqdim olunsa da, bir neçə ildən sonra uğursuz alındı və şirkət böyük itkilərlə ayrıldı.
Mayya Hüseynova