AZ

"İranın şok günü: generalların kütləvi dəfni, MAQATE-yə lənətlər və "Mossad"ın çağırışı" - İsrail mətbuatı

 
"Tehranda 60-dan çox yüksək rütbəli şəxslərin cənazəsi torpağa tapşırıldı, İran MAQATE ilə əlaqəni kəsdi, "Mossad" isə fars dilində xalqa səsləndi..."
 
Tehran yas içində: 60-dan çox general və nüvə alimi dəfn olunur...
 
"Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri məlumat yayıb.
 
28 iyun səhəri Tehran matəm içində oyandı. Minlərlə insan paytaxtın mərkəzində - İnqilab Meydanında İsrailin son əməliyyatı nəticəsində məhv edilmiş yüksək rütbəli komandirlər və nüvə alimləri ilə vidalaşmaq üçün bir araya gəldi. Qatılanlar arasında prezident Məsud Pəzeşkian, xarici işlər naziri Abbas Araqçı, "Qüds" qüvvələrinin rəhbəri İsmayıl Kaani və sui-qəsddən sağ çıxmış, lakin ağır yaralanmış Əli Şamxani də olub.
 
Mərasim zamanı tabutlarla yanaşı İran raketləri də nümayiş etdirilib. "Tasnim" agentliyi yazır ki, izdiham Xameneinin portretlərini daşıyır, İsrail və ABŞ əleyhinə şüarlar səsləndirir və beynəlxalq nüvə agentliyinin rəhbəri Rafael Qrossinin mühakiməsini tələb edir. Narazılıq təkcə İsrailə və ABŞ-a yönəlməyib, MAQATE də xalqın hədəfində olub.
 
MAQATE ilə münasibətlər kəsildi: İran Qrossini casusluqda ittiham edir
 
İranın rəsmi dairələri Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə bütün əməkdaşlığın dayandırıldığını açıqlayıb. Parlamentin qəbul etdiyi qərara əsasən, nə agentliyin rəhbəri Qrossi, nə də onun müfəttişləri artıq İrana buraxılmayacaq. Hətta onların kameraları belə söküləcək. İranın ədliyyə rəhbəri dəfn mərasimində çıxış edərək MAQATE-ni "etibarsız" və "düşmənlərə casusluq edən qurum" adlandırıb: "Xalqın bugünkü iştirakı düşmənə mesajdır - şəhidlərimizin qanı yolumuzu davam etdirməyin zəmanətidir".
 
Dəfn olunanlar kimlərdir və niyə bu qədər əhəmiyyətlidir?
 
Dəfn olunanlar arasında İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın hava qüvvələri komandanı Əmir Əli Hacızadə, SEPAH-ın ali komandanı Hüseyn Səlami və fövqəladə hallar qərargahının rəhbəri Əli Şədmani də olub. Bəziləri artıq Qərbin sanksiyaları altındaydı və İranın nüvə proqramının əsas simaları sayılırdı. Ən rəmzi anlardan biri isə qaranlıq paltarda minlərlə insanın yaşıl parça ilə örtülmüş tabutların ardınca 11 kilometrlik Azadi prospektində yürüş etməsi olub. "Şəhidlər meydanı" adlandırılan Azadi Meydanı matəmə qərq olmuşdu.
 
İsrailin hava əməliyyatı: Rəqəmlərlə müharibənin ilk mərhələsi
 
İsrailin 12 günlük hava kampaniyası çərçivəsində İran ərazisində 900-dən çox hədəf vurulub. Bunlara 200-dək ballistik raket buraxılış qurğusu, 80-dən çox hava hücumundan müdafiə qurğusu, 6 hərbi hava limanı və 15 köhnə hərbi təyyarə daxildir. Vurulan obyektlər arasında radarlardan tutmuş raket anbarlarına qədər hər şey olub. Əməliyyat nəticəsində İranda 627 nəfərin öldüyü, təxminən 5 min nəfərin isə yaralandığı bildirilir. Rəsmi Tehranın verdiyi rəqəmlər ilk dəfədir bu qədər dəqiq şəkildə açıqlanır.
 
"Əgər sağ qalmaq istəyirsinizsə, SEPAH-dan uzaq durun"
 
İsrailin "Mossad" xarici kəşfiyyat xidməti ilk dəfə olaraq fars dilində "X" platformasında rəsmi hesab açaraq İran xalqına birbaşa müraciət edib. Paylaşımda deyilir: "Bizim mübarizəmiz İran xalqı ilə deyil, rejimin özü ilədir. Sizə zərər vermək istəmirik".
 
"Mossad"ın paylaşdığı təhlükəsizlik təlimatları belədir:
 
- SEPAH üzvlərindən, xüsusilə yüksək rütbəli şəxslərdən uzaq durun.
 
- SEPAH-a məxsus obyektlərə və nəqliyyat vasitələrinə yaxınlaşmayın.
 
- Əgər ətrafınızdakı SEPAH üzvü qəfil zəng və ya mesaj alırsa, dərhal ondan uzaqlaşın.
 
- Qəfil "motor səsi" və ya "çəmən biçən səsi" eşidirsinizsə, bu, pilotsuz təyyarə ola bilər, dərhal bölgəni tərk edin.
 
Əlavə olaraq, İsrail telefonla tibbi xidmətləri də təklif edir- fars və ingilis dilli həkimlərlə əlaqə üçün müxtəlif beynəlxalq telefon nömrələri təqdim edilib.
 
Tehranla Təl-Əviv arasında psixoloji müharibənin yeni mərhələsi
 
İranın hərbi və nüvə elitasının bir gündə bu şəkildə məhv edilməsi həm ölkə daxilində ağır psixoloji travma, həm də rejimin ideoloji dayaqlarında çatlar yaradıb. Digər tərəfdən, "Mossad"ın informasiya və yardım yönümlü kampaniyası mübarizənin təkcə silahlarla deyil, həm də psixoloji və texnoloji vasitələrlə aparıldığını sübut edir. İsrail öz mesajını verir: "Hədəf xalq deyil, rejimdir". Amma rejim üçün bu fərqi ayırd etmək getdikcə daha çətin olacaq.
Seçilən
16
39
moderator.az

10Mənbələr