Dünyanın ən zəngin iş adamlarından biri, Amazon-un qurucusu Ceff Bezos bu dəfə sərvəti ilə deyil, dəbdəbəli və rekord xərclə gündəmdədir. Musavat.com xəbər verir ki, Bezos tanınmış jurnalist Loren Sançeslə birlikdə İtaliyanın məşhur Venesiya şəhərində 3 gün davam edəcək toy mərasiminə start verib.
“Əsrin toyu” adlandırılan mərasimin ümumi xərcinin 40-48 milyon avro arasında olduğu bildirilir. Əsas mərasim isə şənbə günü Venesiyanın tarixi Arsenale (Tersane) kompleksində keçiriləcək. Ərazi güclü təhlükəsizlik tədbirləri ilə qorunur.
Toyda iştirak edəcək məşhurlar arasında Tom Bredi, Leonardo DiKaprio, Bill Geyts, Leydi Qaqa, Keti Perri, Mik Caqqer, Kim Kardaşyan, Oprə Vinfri, Orlando Blum və İvanka Tramp da var. Təxminən 200-250 nəfərlik eksklüziv siyahıdakı qonaqlar Venesiyanın ən lüks beş otelində yerləşdiriliblər.
Toy üçün Venesiya, Trevizo və Verona hava limanlarına ümumilikdə 90 xüsusi uçuş planlaşdırılıb, 30-dan artıq dəniz taksisi icarəyə götürülüb.
Çevrə fəallarından sərt etiraz: “Bezos üçün Venesiya kirayə verilə bilməz”
Lakin milyonlarla avroya başa gələn bu toy hamının razılığı ilə qarşılanmayıb. Venesiya sakinləri və ekoloji təşkilatlar toyun şəhərin gündəlik həyatına mane olmasından narahat olduqlarını bildiriblər.
"Greenpeace" təşkilatı San Marko meydanında Ceff Bezosun fotosu fonunda “Əgər toy üçün Venesiyanı kiralaya bilirsinizsə, daha çox vergi də ödəyə bilərsiniz” şüarı ilə pankart açıb. Digər etirazçılar isə Rialto körpüsünə “Bezos üçün yer yoxdur” sözləri yazılmış banner asıblar.
Təhlükəsizlik və ictimai narazılıqlar səbəbilə toy məkanı dəyişdirilərək şəhərin daha qapalı və çətin keçilən hissəsinə köçürülüb.
Musavat.com