RU

Xviça Kvaratsxeliyanın agenti: “Qərar verməyə tələsmirik”

“Napoli”nin vingeri Xviça Kvaratsxeliyanın maraqlarını təmsil edən agenti Mamuka Cuqeli müştərisinin gələcəyi barədə danışıb.

Arena.az Cuqelinin bu barədə fikirlərini təqdim edir:

“Biz qərar verməyə tələsmirik, çünki “Napoli” Xviçanın ikinci evidir. Biz “Napoli” və onun prezidentinin Xviçaya göstərdiyi qayğı və hörməti yüksək qiymətləndiririk. Kvaratsxeliyanın gələcəyi ilə bağlı qərar yalnız futbolçunun və prezidentin iradəsi nəzərə alınmaqla veriləcək. Həm klubu, həm də futbolçunu qane edəcək təklifin olub-olmayacağına baxacağıq”, deyə gürcü vingerin təmsilçisi bildirib.

Xatırladaq ki, daha əvvəl PSJ-nin Kvaratsxeliya ilə maraqlandığı haqda məlumat yayılmışdı. Onun xidmətində maraqlı olan başqa Avropa nəhəngləri də var.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 87 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Избранный
204
2
arena.az

10Источники