AZ

Kvaratsxeliyanın agenti təsdiqlədi - PSJ Xviçanı istəyir

“Napoli”nin gürcü vingeri Xviçi Kvaratsxeliyanın agenti Mamuka Cuqeli PSJ-nin müştərisi üçün təklif göndərdiyini təsdiqləyib.

Arena.az Cuqelinin bu barədə fikirlərini təqdim edir:

“Səudiyyə Ərəbistanı klublarının marağı ilə bağlı məlumat doğru deyil, amma PSJ-dən maraq və təklif var. Hər şey “Napoli” və Aurelio De Laurentisdən asılıdır”, deyə Kvaratsxeliyanın agenti bildirib.

İddiaya görə, PSJ rəhbərliyi 23 yaşlı gürcü vingerin müqabilində “Napoli”yə 60 milyon avro məbləğində təklif etməyə hazırdır. Bununla belə, artıq danışıqlar prosesinə başlanıldığı vurğulanır.

PSJ-nin baş məşqçisi Luis Enrike də Kvaratsxeliyanın transferini zəruri hesab edir. O, Kilian Mbappenin PSJ-dən gedişindən sonra oyunda təkbətək vəziyyətlərdə yüksək səviyyəli müdafiəçiləri məğlub edə biləcək sürətli və güclü hücumçunun komandadan əskik olacağını hesab edir. İspan mütəxəssis hesab edir ki, Xviça onun oyun strukturuna mükəmməl uyğunlaşacaq.

Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 28 oyuna 15 qol vurub, 7 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
174
1
arena.az

10Mənbələr