AZ

Xviça Kvaratsxeliya ilə “Napoli” arasında gərginlik: Klubdan bəyanat - ARENA.AZ

İtaliyanın “Napoli” klubu ilə Gürcüstan yığmasının yarımmdafiəçisi Xviça Kvaratsxeliya arasında gərginlik yaranıb.

Arena.az xəbər verir ki, Kvaratsxeliyanın maraqlarını təmsil edən futbol agenti Mamuka Cuqeli futbolçunun Neapol klubunu tərk etmək istədiyini açıqlayıb:

“İnsanların Kvaratsxeliyanın “Napoli”də qalmaq niyyətində olduğunu düşünməsini istəmirəm. Getmək istəyirik, amma Xviçanı narahat etməmək üçün AÇ-2024-ün sonunu gözləyirik. Üstünlüyümüz UEFA Çempionlar Liqasında çıxış edən komandadır”, deyə Cuqeli vurğulayıb.

Xviçanın atası Badri Kvaratsxeliya da oğlunun Neapol klubundakı gələcəyi ilə bağlı fikirlərini paylaşıb:

“Mən onun “Napoli”də qalmasını istəmirəm. Ötən il üç məşqçi vardı, belə vəziyyətdə isə oynamaq həmişə çətindir”, deyə ata Kvaratsxeliya vurğulayıb.

“Futbolçunun gələcəyini agentlər və ya atalar həll etmir”

Futbolçunun agenti ilə atasının bu gözlənilməz açıqlamaları İtaliya klubunun sərt bəyanat yayması ilə nəticələnib. “Napoli” yaranmış vəziyyət haqda bunları bəyan edib:

“Kvaratsxeliyanın agenti Mamuka Cuqeli və atası Badrinin açıqlamalarına istinad edən “Napoli” xatırladır ki, futbolçunun klubla daha 3 illik müqaviləsi var. Kvaratsxeliya transfer bazarında mövcud deyil. Komanda ilə müqaviləsi olan futbolçunun gələcəyini agentlər və ya atalar yox, “Napoli” klubu həll edir!!! Mövzu bağlandı”, – “Napoli”nin müvafiq xüsusda açıqlamasında deyilir.

Qeyd edək ki, hazırda Xviça ilə Avropanın bir sıra aparıcı klubları yaxından maraqlanır. Xüsusilə də Fransa çempionu PSJ-nin gürcü yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətində olduğu vurğulanır. Kvaratsxeliya bir hücumçu kimi, PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrikenin əsas transfer hədəfidir.

Xviça Kvaratsxeliya özü də İtaliyanı tərk edərək karyerasını PSJ-də davam etdirmək istəyir. Artıq “Kvara”nın tərəfi ilə Paris klubunun nümayəndələri arasında ilkin razılaşma imzalanıb, amma “Napoli”nin prezidenti Aurelio De Laurentisin gürcü futbolçunu satmaqdan imtina etməsi vəziyyəti çətinləşdirir.

Xatırladaq ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”də çıxış edir. İtaliya klubu gürcü vingeri 13,3 milyon avro müqabilində Batumi “Dinamo”sundan transfer edib. Xviçanın Neapol təmsilçisi ilə müaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Kvaratsxeliya “Napoli”nin heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 11 qol vurub, 9 məhsuldar ötürmə verib. O, İtaliya klubunun heyətində bütövlükdə 88 oyuna çıxıb, 25 qol və 26 məhsuldar ötürmə müəllifi olub. 2022/2023 mövsümündə Xviça “Napoli” ilə İtaliya A Seriyasını qazanıb.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 29 oyuna 15 qol vurub, 8 məhsuldar ötürmə verib

Gürcü futbolçu klub karyerası ərzində “Rubin” (Kazan), “Rustavi”, “Dinamo” (Batumi), “Lokomotiv” (Moskva), “Dinamo” (Tiflis) kimi komandalarda da oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü vingerin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış edib. O, həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Seçilən
111
1
arena.az

10Mənbələr