Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Millətçi və revizionist qüvvələrin parlamentdə güclənməsi Türkiyə və Azərbaycanla normallaşma prosesini ciddi şəkildə ləngidə bilər. Çünki Ermənistanın daxili siyasi gündəmində “ərazi itkisi”, “tarixi travma” və “təhlükəsizlik təhdidi” kimi narrativlər hələ də güclü təsirə malikdir. Ermənistan cəmiyyəti ilə Türkiyə və Azərbaycan arasında psixoloji məsafə tam aradan qalxmadığından, bu vəziyyət siyasi liderlərin manevr imkanlarını da məhdudlaşdırır.
Məsələ Azərbaycan üçün xüsusilə həssas xarakter daşıyır. Hazırda Bakının hərbi, diplomatik və iqtisadi üstünlüyü açıq şəkildə hiss olunur. 2020-ci il müharibəsindən sonra formalaşan yeni status-kvo Azərbaycanı regionun əsas aktorlarından birinə çevirib. Qarabağ üzərində tam suverenliyin bərqərar edilməsindən sonra Bakı prosesi artıq “müharibədən sonrakı nizamın institusionallaşdırılması” mərhələsinə keçirməyə çalışır. Bu səbəbdən Azərbaycanın əsas gözləntisi Ermənistanın mövcud reallıqları qəbul edən davamlı sülh müqaviləsinə imza atmasıdır.
Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) prezidenti Mehmet Gökhan Özçubukçu Bizimyol.info-ya açıqlamasında bildirib ki, İrəvandakı daxili siyasi kövrəklik bu prosesi davamlı şəkildə ləngidir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti danışıqlar masasında daha praqmatik davranmağa çalışsa da, daxili ictimai rəyin təzyiqi və müxalifətin “güzəştçilik” ittihamları səbəbindən tez-tez geri addım atmağa məcbur qalır.
Ekspert qeyd edib ki, Türkiyənin baxış bucağından Ermənistandakı siyasi sabitlik regional normallaşma prosesinə birbaşa təsir göstərir.
“Ankara uzun müddətdir Cənubi Qafqazda iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri və regional əməkdaşlıq xəttini prioritet hesab edir. Xüsusilə Orta Dəhliz perspektivi, Zəngəzur bağlantısı və Türk dünyasının inteqrasiyası Ermənistanı Türkiyənin strateji maraqları baxımından uyğunlaşa bilən və inklüziv aktora çevirir. Buna görə də Ankara İrəvanla nəzarətli normallaşma prosesini dəstəkləyir”, – deyə o bildirib.
Ekspert vurğulayıb ki, sərhəd keçidləri və iqtisadi əlaqələrlə bağlı son təşəbbüslər də diqqət çəkir. Onun fikrincə, yeni ticarət təşəbbüslərinin gündəmə gəlməsi Ankaranın Cənubi Qafqazda münaqişədən daha çox iqtisadi inteqrasiyaya üstünlük verdiyini göstərir.
“Türkiyə hesab edir ki, Ermənistanın regional nəqliyyat və ticarət şəbəkələrinə inteqrasiyası uzunmüddətli sabitliyə töhfə verə bilər. Lakin bu proses Azərbaycanla sülh danışıqlarının gedişindən ayrı deyil. Ankara normallaşma prosesini Bakı ilə strateji koordinasiya çərçivəsində idarə etməyə davam edir”, – deyə ekspert əlavə edib.
Mehmet Gökhan Özçubukçu bildirib ki, hazırda region üçün ən mühüm suallardan biri “Yeni müharibə olacaqmı?” məsələsidir. Onun fikrincə, yaxın perspektivdə genişmiqyaslı klassik müharibə ehtimalı əvvəlki illərlə müqayisədə daha aşağı görünür. Çünki Ermənistan regionda güclənmiş Azərbaycanın mövcud reallığını qəbul etmək məcburiyyətindədir və yeni münaqişənin iqtisadi-siyasi nəticələrini daşımaq gücündə deyil.
Bununla belə, ekspert risklərin tam aradan qalxmadığını vurğulayıb.
“Sərhəd boyunca təxribatlar, texniki insidentlər, nəqliyyat dəhlizləri ilə bağlı fikir ayrılıqları və ya daxili siyasətdə millətçi səfərbərlik məqsədilə istifadə olunan sərt ritorika zaman-zaman gərginliyi artıra bilər”, – deyə o bildirib.
Ekspertin fikrincə, böyükmiqyaslı müharibə ehtimalı azalsa da, nəzarət olunan böhranlar və məhdud hərbi gərginlik riski hələ də qalır. O qeyd edib ki, Cənubi Qafqaz artıq yalnız Azərbaycan və Ermənistan arasında münaqişə zonası deyil, həm də Rusiya, ABŞ, Avropa İttifaqı, Türkiyə, İran və Çinin strateji maraqlarının toqquşduğu çoxqatlı geosiyasi məkan kimi formalaşıb.
Xüsusilə ABŞ son dövrlərdə Ermənistanla münasibətlərini genişləndirərək regionda daha görünən aktora çevrilməyə çalışır. Ekspertin sözlərinə görə, Vaşinqtonun məqsədi yalnız Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq deyil, həm də Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflətmək və enerji-nəqliyyat xətlərini daha sıx şəkildə Qərb sisteminə inteqrasiya etməkdir.
“ABŞ vasitəçiliyinə iki səviyyədə yanaşmaq lazımdır. Bir tərəfdən Vaşinqton regionda sabitlik və sülhün formalaşmasını istəyir. Çünki sabit Cənubi Qafqaz həm enerji təhlükəsizliyi, həm də Orta Dəhliz layihələri baxımından Qərbin maraqlarına uyğundur. Digər tərəfdən isə burada ciddi geosiyasi rəqabət elementi mövcuddur. Vaşinqton Ermənistan vasitəsilə regionda yeni strateji təsir zonası formalaşdırmağa çalışır. Bu isə Rusiya və müəyyən mənada İran üçün narahatlıq yaradır”, – deyə ekspert bildirib.
Mehmet Gökhan Özçubukçu hesab edir ki, Ermənistandakı seçkilərdən sonra yaranacaq siyasi balans təkcə İrəvanın daxili siyasətinə deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyinə təsir göstərəcək.
“Əgər Paşinyan praqmatik siyasətini davam etdirə və parlamentdə funksional çoxluğu qoruya bilsə, Türkiyə və Azərbaycanla nəzarətli normallaşma prosesi davam edə bilər. Lakin daxili siyasi kövrəklik dərinləşər və millətçi-revizionist qüvvələr güclənərsə, sülh prosesi yenidən dalana dirənə bilər. Bu halda regionda gərginlik artacaq, böyük dövlətlər arasında rəqabət sərtləşəcək və Cənubi Qafqaz yenidən xroniki qeyri-sabitlik zonasına çevrilə bilər”, – deyə o vurğulayıb.
Ekspert sonda bildirib ki, qarşıdakı dövrdə əsas müəyyənedici amil təkcə seçkilərin nəticələri deyil, həm də Ermənistanın təhlükəsizliklə bağlı tarixi düşüncə modelini dəyişdirib-dəyişdirə bilməyəcəyi olacaq.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.