AZ

Ermənistan-Rusiya qarşıdurması dərinləşir

Cənubi Qafqazda geosiyasi gərginlik fonunda Ermənistan daxilində siyasi proseslər və Rusiya ilə münasibətlər yenidən gündəmə gəlib. Siyasi müşahidəçilər ölkədə hakimiyyət uğrunda mübarizənin həm daxili, həm də xarici təsirlərlə formalaşdığını bildirirlər.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında qeyd edib ki, Ermənistan daxilində gedən siyasi qarşıdurma təkcə Robert Koçaryan və Nikol Paşinyan arasında mübarizə kimi deyil, daha geniş miqyasda Ermənistan və Rusiya arasında təsir uğrunda proses kimi qiymətləndirilməlidir.

Ekspertin sözlərinə görə, Ermənistanın hazırkı siyasi xətti ölkənin Rusiya orbitindən çıxmaq cəhdləri ilə xarakterizə olunur. Onun fikrincə, bu prosesdə həm Qərb, həm də Rusiya müxtəlif vasitələrlə İrəvan üzərində təsir imkanlarını artırmağa çalışır.

İlham İsmayıl bildirib ki, keçmiş prezident Robert Koçaryan ilə bağlı proseslər də məhz bu geosiyasi mübarizənin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, Koçaryanın müəyyən dövrlərdə həbs və hüquqi proseslərlə üzləşməsi barədə iddialar da regionda gedən siyasi təzyiqlərlə əlaqələndirilir.

Ekspert qeyd edib ki, Rusiya Ermənistan üzərində həm iqtisadi, həm siyasi, həm də hərbi rıçaqlara malikdir və bu amillər İrəvanın qərarlarına təsir göstərmək gücündədir. Onun sözlərinə görə, son dövrlərdə regionda Rusiya hərbi infrastrukturunun aktivliyi ilə bağlı məlumatlar da diqqət çəkir.

İlham İsmayılın fikrincə, Ermənistan hazırda mürəkkəb geosiyasi seçim qarşısındadır və ölkə bir tərəfdən Qərbə inteqrasiya cəhdləri edir, digər tərəfdən isə Rusiya ilə mövcud əlaqələri tam qopara bilmir. Bu isə İrəvanı “iki güc mərkəzi arasında balans saxlamağa çalışan dövlət” vəziyyətinə salır.

Ekspert əlavə edib ki, Rusiya üçün Ermənistanın siyasi kursu regiondakı mövqelər baxımından strateji əhəmiyyət daşıyır və bu səbəbdən Moskvanın proseslərə təsir göstərmək cəhdləri davam edir.

İlham İsmayıl sonda bildirib ki, qarşıdakı dövrdə Ermənistan daxilində siyasi proseslərin nəticələri Cənubi Qafqazın ümumi geosiyasi mənzərəsinə birbaşa təsir göstərə bilər.

Seçilən
14
46
news365.az

10Mənbələr