İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai regional siyasətlə bağlı verdiyi bəyanatda qonşu dövlətləri son hərbi və siyasi hadisələri dərindən təhlil etməyə çağırıb.
Musavat.com xəbər verir ki, Baqai İslam Respublikasının qonşu ölkələri hər zaman dost hesab etdiyini və mehriban qonşuluq münasibətlərini inkişaf etdirməkdə qərarlı olduğunu vurğulayıb. Lakin onun "Ümid edirəm ki, gələcəkdə region ölkələri son insidentləri təhlil edəcək və müvafiq nəticələr çıxaracaqlar" ifadəsi diplomatik dairələrdə Tehranın bölgə dövlətlərinə verdiyi üstüörtülü xəbərdarlıq kimi qiymətləndirilir.
Analitiklər bu bəyanatın Donald Trampın bu gün başa çatan ultimatumu, Hörmüz boğazının blokadası və ABŞ-ın İsfahandakı xüsusi əməliyyatları fonunda verilməsinə diqqət çəkirlər.
Baqai dolayısı ilə mesaj verir ki, ABŞ və İsrailin bölgədəki hərbi varlığına dəstək verən və ya öz ərazilərini bu hücumlar üçün açan ölkələr İranın "müqəddəs qəzəbi" və hərbi gücü ilə üzləşə bilərlər.
Hazırda Tehran rəsmiləri bir tərəfdən dostluq mesajları versələr də, digər tərəfdən region ölkələrini Vaşinqtonun "təhlükəli oyunlarına" alət olmamağa çağırırlar. Bu açıqlama həm də İranın öz daxili sabitliyini və hərbi arsenalını qorumaq iqtidarında olduğunu nümayiş etdirmək cəhdidir.
Musavat.com