RU

İran qırıcıları Bakıya qədər yaxınlaşdı – İlham Əliyevin o sərt mesajı... - VİDEO

2001-ci ilin yayında baş verən və Azərbaycan tarixində ən ciddi hərbi-siyasi insidentlərdən biri sayılan hadisə olduqca ibrətamizdir.

Paytaxt.org xəbər verir ki, həmin vaxt İran hərbi qırıcıları Azərbaycanın hava məkanını dəfələrlə pozaraq Bakıya qədər yaxınlaşıb və ölkəyə açıq təzyiq və təxribat nümayiş etdirib.

Hadisə 23 iyul 2001-ci ildə baş verib. İran hərbi təyyarələri və helikopterləri Azərbaycanın Xəzər sektorunda – “Araz-Alov-Şərq” (Alov) yatağı ətrafında fəaliyyət göstərən tədqiqat gəmisinə yaxınlaşaraq onu ərazini tərk etməyə məcbur edib. Bu, müstəqil Azərbaycanın suverenliyinə yönəlmiş ən sərt addımlardan biri kimi qiymətləndirilir.

Məlumatlara görə, həmin dövrdə İran hərbi aviasiyası Azərbaycan hava məkanını ümumilikdə 18 dəfə pozub və bəzi hallarda paytaxt Bakıya cəmi bir neçə kilometr məsafəyə qədər yaxınlaşıb.

O dövrdə Azərbaycanın rəsmi reaksiyası birmənalı olmayıb. Müdafiə naziri Səfər Əbiyev daha yumşaq mövqe sərgiləyərək İranın “dost ölkə” olduğunu vurğulasa da, həmin vaxt millət vəkili və SOCAR-ın vitse-prezidenti olan İlham Əliyev kəskin mövqe nümayiş etdirib.

Təqdim etdiyimiz videodan da göründüyü kimi, İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycanın hava məkanının pozulmasına dözmək olmaz və İran bu addımlardan çəkinməlidir. O, vurğulamışdı ki, əks halda Azərbaycan bütün imkanlardan, o cümlədən hərbi vasitələrdən istifadə edərək öz suverenliyini qoruyacaq.

Hadisələrin ən diqqətçəkən tərəflərindən biri isə Türkiyə amili olub. Gərginlik fonunda Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” akrobatik komandası ilk dəfə Bakıya gəlib və Xəzər sahili boyunca nümayişkaranə uçuşlar həyata keçirib. Bu addım həm mənəvi dəstək, həm də Ankaranın Bakıya açıq siyasi-hərbi mesajı kimi qiymətləndirilib.

Eyni zamanda, həmin dövrdə Azərbaycanın mərhum prezidenti, ulu öndər Heydər Əliyevin yüksək diplomatik və manevr qabiliyyəti xüsusi rol oynayıb. Məhz onun uzaqgörən siyasəti nəticəsində Türkiyə ilə hərbi-siyasi yaxınlaşma sürətlənib, Azərbaycan ordusunun türk ordusuna və NATO standartlarına açılması prosesi başlanıb. Bu strateji qərarlar sonrakı illərdə Azərbaycanın müdafiə gücünün formalaşmasında həlledici amillərdən birinə çevrilib.

Bizim təhlilçilər hesab edir ki, 2001-ci il hadisələri və İranın artan aqressiyası Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni mərhələyə keçməsində mühüm rol oynayıb. Məhz bu insidentdən sonra iki ölkə arasında strateji inteqrasiya daha da dərinləşib.

FGDFGDFGDFG.jpg

Bu gün regionda vəziyyət tam fərqli olsa da, 25 il əvvəl səslənən xəbərdarlıqlar yenidən aktuallıq qazanır. O zaman İlham Əliyevin dediyi kimi, təzyiq siyasəti gözlənilən nəticəni vermir, əksinə, yeni ittifaqların formalaşmasına səbəb olur.

Hazırda isə paradoksal vəziyyət yaranıb: bir vaxtlar Azərbaycana güc nümayiş etdirən İran bu gün öz hava məkanında xarici güclərin təzyiqləri ilə üz-üzə qalıb. Onun səmasını hər gün İsrail təyyarələri pozur, bombalar yağdırır, dövlət rəhbərlərini qətl edir. Amma bunlar təhdid deyil - açıq müharibədir. Rəsmi Tehranın hər zaman bizə etdiyi pisliklərə baxmayaraq, Azərbaycan İrana qarşı yamanlıq etmir, qonşuluq və dostluq prinsiplərini pozmur. Əksinə, Azərbaycan İrana yardımlar edir və Rusiyadan göndərilən yardımlara da keçid verir.

Bu tarix və İran üçün olduqca ibrətamiz dərsdir...

Musavat.com

Избранный
22
50
paytaxt.org

10Источники