Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi nəticəsində yaralanların vəziyyəti açıqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzindən Musavat.com-a bildirilib ki, 21.03.2026-cı il tarixində saat 21:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbilə çağırış qeydə alınıb.Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
"Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Eyni zamanda 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir".
Qeyd edək ki, hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 11 nəfər xəsarət alıb.
Şahanə Rəhimli
Musavat.com