Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalı yandırılarkən baş verən güclü partlayışda doqquzu uşaq olmaqla, 11 nəfər tüstüdən zəhərlənib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sumqayıt Tibb Mərkəzi birgə məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Daha əvvəl Fövqəladə Hallar Nazirliyi 10 nəfərin xəsarət alması ilə bağlı məlumat yaymışdı.
Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Far.Az"a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində 8-i uşaq olmaqla, ümumilikdə 10 nəfər xəsarət alıb.
FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən alovun ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sumqayıt şəhərində Novruz tonqalına normadan artıq yandırıcı maddənin tökülməsi partlayışa səbəb olub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Birləşmiş məhəlləsi ərazisində qeydə alınıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
TƏBİB-dən "Far.Az"a bildirilib ki, hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.