AZ

Sumqayıtda bayram tonqalında partlayış səbəbi ilə xəsarət alanlardan 7-si ambulator müalicə üçün evə buraxılıb

Bakı, 22 mart, AZƏRTAC

Martın 21-i saat 21:10-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbi ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.

Bildirilib ki, təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Eyni zamanda, 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə tüstüdən zəhərlənmə səbəbi ilə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.

Müxbir - Göyçək Mahmudlu

Seçilən
34
2
azertag.az

10Mənbələr