Erməni revanşistlər hesab edir ki, qarşıdan gələn 7 iyun seçkilərinin nəticələri səhəri günü vətəndaşların küçələrə çıxması və səslərini müdafiə etməsindən asılı olacaq
Ermənistanda siyasi gərginlik tədricən artmaqdadır. İndiki baş nazir Nikol Paşinyanın şəxsi həyatındakı dəyişiklik, seçkilərlə bağlı ölkədə başlatdığı kampaniya, xüsusilə peraşki və qarğıdalı ilə sadə həyatını reklam etməsi ciddi tənqid edilir. Erməni revanşistlər və onların dəstəkləçiləri olan politoloqlar hesab edirlər ki, qarşıdan gələn 7 iyun seçkilərinin nəticələri səhəri günü vətəndaşları 8 iyunda küçələrə çıxması və səslərini müdafiə etməsindən asılı olacaq. Paşinyanın qarşısında əsas rəqiblərdən biri keçmiş hakimiyyət və müxalifət bloklarıdır.
Əgər Paşinyan gözləniləndən zəif nəticə əldə edərsə, bu onun siyasi təsirini ciddi şəkildə azalda və hətta hakimiyyətdən getməsini sürətləndirə bilər. Ümumiyyətlə, 7 iyun seçkiləri Paşinyan üçün həm test, həm də riskdir. Əgər Nikol hakimiyyətdən getsə, Ermənistanda siyasi boşluq və qeyri-müəyyənlik yaranacaq. Bu, regionda gərginliyi daha da artıraraq sərhəd bölgələrində təhlükəsizliyi risk altına qoya bilər. Paşinyan hakimiyyətdən getdikdə, yeni rəhbərlik Qərb və Rusiya ilə münasibətləri yenidən formalaşdırmaq istəyə bilər ki, bu da Azərbaycan üçün həm diplomatik, həm də hərbi təzyiq potensialını yüksəldə bilər. Nəticə etibarilə, qarşıdan gələn seçkilər və Paşinyanın potensial istefası yalnız Ermənistan üçün deyil, Azərbaycanın təhlükəsizlik və diplomatik balansı üçün də ciddi çağırışlar yaradır. Azərbaycan bu prosesləri diqqətlə izləməli və regionda gərginliyin idarə olunmasına hazır olmalıdır. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya işgüzar səfərə gedib. Ermənistan KİV-nin məlumatına görə, o, martın 10-da Parisdə Nüvə Enerjisi Sammitinə qatılacaq, martın 11-də isə Strasburqa səfər edəcək. Qeyd olunur ki, Ermənistanın baş naziri Avropa Parlamentində (AP) çıxış edəcək.
Paşinyanın çıxışı Azərbaycanla sülh prosesinin gələcək istiqamətlərinə, 7 iyun parlament seçkilərinə, Türkiyə ilə münasibətlərin normallaşmasına, eləcə də Avropa İttifaqına mümkün üzvlüklə bağlı olacağı gözlənilir. Bu səfər və AP tribunasındakı çıxışı həssaslıqla izləniləcək. Ötən il Avropa Şurası tribunasından etdiyi çıxış da birmənalı qarşılanmamışdı. Azərbaycana münasibəti bəlli olan Avropa Parlamentinin tribunasından bu il nə deyəcəyi maraqlıdır. Gözləyək, görək seçkiqabağı Qərbdən dəstək almaq hesabına o, yenə də hansısa səhvlərə yol verəcəkmi? Ümumiyyətlə, Ermənistanın baş naziri Avropa sınağından çıxa biləcəkmi?

Politoloq Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ermənistanda qarşıdan gələn seçkilər Paşınyan hakimiyyəti üçün ciddi sınaqdır: “Paşınyan və onun mənsub olduğu siyasi partiya üçün məğlubiyyət yalnız siyasi son demək deyil. Ölkədə revanşist qüvvələr və onları xarici ölkələrdən dəstəkləyən güclər üçün də bu seçkilər həlledicidir. Onların məğlubiyyəti Paşinyan kursunun daha da oturuşmasına gətirib çıxaracaq ki, bu da hazırkı nimdaş siyasi qüvvələrin liderlərinin siyasi ölümü olacaq. Hər iki tərəf üçün bu seçkiləri son döyüş də adlandırmaq olar. O ki qaldı Paşinyanın postsovet ölkələrinin dövlət başçıları üçün xarakterik olmayan hərəkətlərinə, həmçinin nikaha xitamdan sonrakı hərəkətlərinə, bu hərəkətlər Ermənistan cəmiyyətində həm pozitiv, həm də neqativ reaksiyalara səbəb olur. Paşınyan hər vəchlə göstərmək istəyir ki, onun həyatında heç nə dəyişməyib, o, xalqın içindən çıxıb və xalqdan uzaqlaşmayıb. Əks qüvvələr isə bunu səfeh hərəkətlər kimi qələmə verib, Paşınyana qarşı kampaniyanın elementi kimi istifadə edir”. S.Məmmədovun sözlərinə görə, əslində Paşınyan əvvəlki rəhbərlər kimi, xalqdan uzaq gəzsəydi, o zaman da tənqid olunacaqdı: “Yəni qisasçı müxalifət üçün onun istənilən fəaliyyəti - bu, siyasi, diplomatik, iqtisadi, sosial xarakterli olsa da, şəxsi həyatı ilə bağlı olsa da - tənqidə məruz qalacaq. Ermənistanda Paşinyan kursunun süqutu, yəni onun və komandasının seçkilərdə məğlubiyyəti əlbəttə ki, Cənub Qafqazda vəziyyəti dəyişəcək. Yeni hakimiyyət səs toplamaq üçün və xarici qüvvələrə verdiyi vədləri yerinə yetirmək üçün Paşinyanın kursuna əks olan siyasət yeritməli olacaq. Ola bilər ki, onlar Ermənistanın əvvəlki vassal statusunu bərpa etməklə öz revanşıst siyasətlərini həyata keçirməyə cəhd edəcəklər”.
Bununla belə, ekspert xüsusilə vurğuladı ki, Azərbaycanda stabillik davam etdikcə, onlar heç nəyə nail ola bilməyəcəklər: “Bizim üçün əsas məsələ müdafiə qüdrətimizin artırılması, daxili stabilliyin təmin olunmasıdır”. Paşınyanın Avropa İttifaqı parlamentində planlaşdırılan çıxışına gəldikdə, S.Məmmədov bunları söylədi: “Avropa İttifaqı Parlamentində olan erməni lobbisi və anti-Azərbaycan qüvvələr, əlbəttə, onu dəvət etmir ki, Paşınyan Azərbaycanla davamlı sülhün bərqərar olunması, diplomatik və iqtisadi əlaqələrin genişlənməsi, sərhədlərin delimitasiya prosesin getməsi, kommunikasiyaların açılması istiqamətindəki planlardan danışsın. Onları maraqlandıran başqa məsələlərdir. Əslində Paşinyan üçün bu, olduqca çətin bir missiya olacaq. Paşinyan Azərbaycanla dayanıqlı sülhün qurulması və problemlərin olmamasından danışsa, o zaman bu, onun əleyhinə işləyəcək. Yox, əgər uydurma problemlərdən "artsax qaçqınlarından", erməni mədəni irsinin “dağıdılmasından”, “erməni girovları” və s. uydurma məsələlərdən danışsa, bu, sülh prosesinə ziyan gətirəcək". Hüquq müdafiəçisi hesab edir ki, biz Paşinyanın fəaliyyətinə onun sülh prosesinin dərinləşməsi istiqamətindəki real hərəkətlərinə görə qiymət verməliyik: “Əgər bu proses onun və komandasının bir sıra üzvlərinin bəzi açıqlamalarına baxmayaraq, müsbət istiqamətdə gedirsə, o zaman dediklərinə fikir verməmək də olar, amma baxır hansı xarakterli açıqlamalardır”.
E.PAŞASOY,
“Yeni Müsavat”